Oman Sultanlığında musiqimizi təmsil edən xanım - FOTO

Oman Sultanlığında musiqimizi təmsil edən xanım -  FOTO
  08 Mart 2019    Oxunub:4499
Onun yaşayıb çalışdığı Oman Sultanlığında Azərbaycandan adam çox azdır, necə deyərlər, həmin ölkədə vətənimizi təmsil edən üç-beş soydaşımızdan biri də odur.

Haqqında söhbət açdığım Vüsalə xanım Yusif Sumqayıt şəhərində dünyaya gəlib. 1993-cü ildə 23 nömrəli orta məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Texnikumuna qəbul olunub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurub.
Sonra Bakı Musiqi Akademiyasının fortopiano və solo ifaçılığı fakültəsinə daxil olub. 2001-ci illdə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələnib. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə London Musiqi Akademiyasının LRSM diplomuna layiq görülüb.



14 yaşında ilk solo konserti baş tutan Vüsalə xanım 1996-cı ildə ölkə pianoçular müsabiqəsinin qalibi olub. 2003-2011-ci illərdə Azərbaycan Milli Koservatoriyasında konsertmeister kimi çalışıb. Eyni zamanda Sumqayıt Musiqi Kollecində pianodan dərs deyib.

2011-ci ildə Oman Sultanlığından Sultan Qabus Universitetinə dəvət alıb. O vaxtdan indiyədək həmin universitetdə fortopiano müəllimi işləyir.



2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasının doktoranturasında online oxuyaraq, 2016-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD).

Atası Yusif Qarakişiyev əslən Zəngilan rayonundandır. Uzun illər Sumqayıt boruyayma zavodunda sex rəisi vəzifəsində çalışıb. Anası Validə xanım İsmayılova isə Sumqayıt Musiqi Kollecinin baş müəllimidir.

Vüsalə xanım bir gənc alim kimi dünyanın müxtəlif ölkələrində beynəlxalq musiqi konfranslarına dəvət alır. Kembric Universitetində ölməz Qara Qarayevin yaradıcılığından söylədiyi mühazirə ən yadda qalanlarındandır. Bundan əlavə o, Sinqapur, Bankonq, İstanbul konfranslarında da Azərbaycan bəstəkarlarının yaradıcılığından ingilis dilində çıxışlar edib.



İndiyədək 20-dən çox solo konserti baş tutub. Oman Dövlət Televiziyasında lentə köçürülən piano ilə solo nömrələri bu günə kimi nümayiş etdirilir.

Ömür-gün yoldaşı Sənan Əmirbəyov Sumqayıt şəhərində dünyaya gəlib, əslən Quba rayonundandır. İxtisasca elektrik mühəndisidir. İki oğlu var, böyük oğlu Mətin 13, ikinci oğlu Emin 9 yaşındadılar. Hər ikisi də istedadlı uşaqlardır. Ana dili ilə yanaşı ingilis, faransız dillərində mükəmməl danışa bilirlər.

Mütaliə etməyi xoşlayır. Azərbaycanın istedadlı yazıçısı, mənim uşaqlıq dostum Varis Yolçuyevin əsərlərini sevə-sevə oxuyur. Yeri gəlmişkən, bir haşiyəyə çıxım. Varis həqiqətən də son illər ən çox oxunan yazıçılardan biridir. Sevinirəm ki, onun ingilis dilinə tərcümə olunan əsərlərini kitabsevərlər Amerikada da oxuyurlar.



Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında növbəti beynəlxalq konfranslarda çıxış etməyə hazırlaşır. Bu ilin may ayında İstanbulda keçiriləcək pianoçuların festivalında bir ifaçı kimi iştirak edəcək…

Əbədiyaşar bəstəkarlarımızı, Azərbaycan musiqisini Oman Sultanlığında ləyaqətlə təmsil edən bu xanımın xidmətləri danılmazdır.

Qoy bu balaca yazı 8 mart Beynəlxalq Qadınlar Günündə ona ünvanlanan həm təbrik və həm də əməyinə verilən ilk dəyər olsun.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Oman   8Mart  





Xəbər lenti