Azərbaycanlı diplomat Nalbandyanı ifşa etdi

Azərbaycanlı diplomat  Nalbandyanı ifşa etdi
  12 Noyabr 2013    Oxunub:1161
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan YUNESKO-nun Baş Konfransının 37-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə ənənəvi olaraq yalan və böhtana əsaslanan çıxış edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov cavab hüququndan istifadə edərək, erməni nazirin səsləndirdiyi əsassız ittihamların iftira və yalan olduğunu dəlil və faktlarla cavablandırıb.

İlk öncə Ermənistanın öz ərazisindən köklü Azərbaycan əhalisinin etnik təmizləmə siyasəti nəticəsində qovulduğu, Ermənistanın monoetnik ölkəyə çevrildiyi və keçmiş Ermənistan Prezidenti Robert Köçəryanın azərbaycanlılar və ermənilərin etnik uyğunsuzluğu kimi qatı irqçi iddia ilə çıxış etdiyi xatırladılaraq, bu kimi əməlləri törədən Ermənistanın bu mötəbər təşkilatın podiumundan mədəni müxtəliflik, tolerantlıq və dialoq haqqında danışmağa mənəvi haqqının olmadığı vurğulanıb.

Ermənistanın Azərbaycanın ərazilərini işğal edərək, bu ərazilərdə də etnik təmizləmə siyasətini davam etdirdiyini qeyd edən Azərbaycan nümayəndəsi Ermənistan və işğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni və dini irsinin kütləvi məhvə və saxtakarlığa məruz qaldığını və Ermənistanın tarix boyu bu ərazilərin köklü sakinləri olmuş azərbaycanlıların Ermənistanın öz ərazisindən və işğal olunmuş ərazilərdən izinin tam silinməsi siyasəti yürütdüyünü diqqətə çatdırıb.

A.Kərimov E.Nalbandyanın əsassız ittiham və böhtan dolu və millətlərarası ədavətə və düşmənçiliyə təhrik edən çıxışının YUNESKO-nun əsasını təşkil edən sülh, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma dəyərləri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti