Yolun çökməsinə görə “Azərsu” ittiham edilirdi - Səbəb başqa imiş

Yolun çökməsinə görə “Azərsu” ittiham edilirdi -  Səbəb başqa imiş
  21 Yanvar 2019    Oxunub:3385
Bakının Babək prospektində yeni təmir olunan yolda çökmə olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azvision.az-a bildirib ki, həmin ərazidə yolun 2-3 kv. metr hissəsində asfalt örtüyündə deformasiya əmələ gəlib.
Onun sözlərinə görə, hazırda deformasiyaya uğramış hissə bərpa olunur: "Şübhələndik ki, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub. Müəyyən olundu ki, bundan deyil. Babək prospekti çəkilməmişdən öncə ora neftlə çirklənmiş ərazi idi. Haradasa 15-20 metr dərinlikdə neft tullantıları ərazisi olub. Yol bunun üstündə çəkilib. Tək həmin hissədə deyil, yol kənarındakı səkilərdə və ondan kənar hissələrdə də müəyyən qədər deformasiyalar var. Onların altında neft əraziləri olduğu üçün müəyyən hissələrə təsir edib. Deformasiya olan hissədə işlər bu gün yekunlaşacaq".

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Azvision.az-a deyib ki, həmin ərazidə kommunikasiya xətlərində heç bir problem olmayıb.

“Bildiyiniz kimi oradakı xətlərin hamısı yeni çəkilib. Mütəxəssislərimiz əraziyə baxış keçiriblər. Həmin yerdə yolun çökməsinin səbəbi bizlik deyil”, - deyə “Azərsu” rəsmisi vurğulayıb.

Qeyd edək ki, sözügedən ərazidə yolun çökməsinə görə “Azərsu” ittiham edilirdi.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Təmir   Yol   Çökmə  





Xəbər lenti