Faciənin mental sirri - Murad Köhnəqala yazır

   Faciənin mental sirri -    Murad Köhnəqala yazır
  17 Yanvar 2019    Oxunub:5012
Onda mən orta məktəb uşağı idim. Kənddə xəbər yayldı ki, Talıb Gülnazı götürüb qaçıb. Bu xəbərə qədər məktəbdə eyni sinifdə oxuyan Talıbla Gülnazın sevgi macəraları haqda xeyli əfsanələr eşitmişdik.
Sən demə, onlar lap ibtidai sinifdən biri-birinə aşiq olublarmış. Gülnazın ailəsi oğlan tərəfin ailəsi ilə müqayisədə çox imkanlı idi. Onun əmisi Bakı Dövlət Universitetinin hüquq fakültəsində ən vəzifəli məllimlərdən sayılırdı. Bütün bölgələrdəki hüquq mühafizə orqanları əmisinin bircə xahişi ilə dağı dağ üstə qoya bilirdi. İlk baxışdan bu səbəblərə görə atası, heç vəchlə, qızını Talıbın atasının gəlini kimi görmək istəmirdi.

Onların biri-birinə meylindən xəbər tutan ata ilk növbədə qızının sinfini dəyişdirir və oğlanla bir də heç vaxt görüşməməsi barədə ciddi tapşırıq verir. Müvəqqəti ayrı düşən sevgililər fürsət bulan kimi, risklər bahasına, müxtəlif yerlərdə görüşə bilirlər.

Böyüyüb yaşa dolduqca onların məhəbbəti də ciddiləşir. Atası tərəfindən qadağalarla əhatələnmiş qızının iztirablarını görən anası tədricən sevənlərin bu çabalarını anlaşıqla qarşılayır. Ananın gənclərə loyal münasibətini hiss edən ata ona qarşı da ciddi rejim tətbiq edir.

Gülnazın atası Bakıdakı qardaşına arxalanaraq o birisi övladları kimi qızını da Universitetdə oxutdurmaq istəyir. Fikir-xəyalı sevdiyi oğlanda olan Gülnaz atasının bu istəyinə zidd olaraq dərslərindən soyuyur. Sevdiyi oğlandan ayrılıb Bakıda oxumaq istəməyən qızın dərs qiymətləri aşağı düşməyə başlayır.

Orta məktəbi bitirdikdən sonra onu Bakıya ali məktəbə qəbul imtahanı verməyə gətirirlər. Gülnaz elə birinci imtahandaca heç nə yazmayaraq kəndə dönür. Talıb isə əsgərlik yaşı çatana qədər kənddəki alverçi kişilərə qoşularaq orda-burda xırda ticarətlə başını qatır.

Günlərin bir günü Talıbı əsgərliyə aparırlar. Onların arasına iki illik ayrılıq düşsə də daima məktublaşıb əlaqə saxlayırlar. Talıb Gülnaz üçün yazdığı məktubları öz xalasıqızının adına göndərir. Xalası qızı əsgərin məktublarını müxtəlif yollarla sevgilisinə çatdırır. Onlar, beləcə, iki il məktublaşaraq öz gələcəkləri haqda götür-qoy eləyirlər.

Talıb əsgərlikdən gələndən sonra Gülnazın məşəqqətli günləri başlayır. Sevgilisi ilə görüşməməsi üçün atası onu çox ciddi nəzarətdə saxlayır. Talıba da çatdırır ki, onların küçəsinin həndəvərinə yaxınlaşarsa, onu güllələyəcək. Beləcə, iki il ayrılıqdan sonra sevgililər bir neçə ay da görüşə bilmirlər. Sən demə, qadağalara baxmayaraq, onlar əl altdan öz işlərini görürmüş.

Bir gün də kəndə ildırım sürətilə xəbər yayıldı ki, Talıb Gülnazı götürüb qaçıb. Gülnazın atası əlində tüfəng Talıbgilin evini alt-üst eləyir. Kənddə deyiləsi mümkün olmayan gərginlik yaşanır. Lakin sevənlərin yerini heç kim bilmir. Qızın atası hüquq mühafizə orqanlarını kəndə tökür. Yenə onları gördüm deyən olmur.

Lakin kənd camaatı milislərə danışır ki, onlar uşaqlıqdan bir-birini seviblər, sadəcə, bu kişi həmişə sevgililərə mane olub. Milis rəisi oğlan tərəfi başa salır ki, qız yazılı ifadə verib öz istəyi ilə getdiyini bildirsə, heç kim onlara mane ola bilməz.

Bir gündən sonra Gülnazın razılıq məktubunu atasına göndərirlər. Əlacı kəsilmiş qəddar ata qızını övladlıqdan çıxardığını elan eləyir.

Yadıma gəlir, bu iki nəsil arasında ciddi düşmənçilik yaranmışdı. Gənc ailənin dünyaya gələn, yeriyib-yürüyən övladlarını Gülnazın ata ocağı qəti surətdə qəbul eləmirdi. Babası, xalaları və dayıları həmin uşaqlara düşmən münasibəti bəsləyirdi.

Günlərin bir günü tilsim qırıldı! Dedilər ki, hansısa toyda nənəsi nəvələrinin birini qucağına basaraq hönkürüb. Bu hadisədən sonra ən kiçik dayı da sevimli bacısının uşaqları ilə hərdən küçədə açıq görüşürdü.

Gülnaz üçüncü övladını dünyaya gətirəndə həkimlərin savadsızlığından gözlərini həyata yumdu. Onu torpağa tapşırarkən qəribə bir mənzərənin şahidi oldum. Əlində mala tutmuş qəddar ata qızının daş-beton tökülmüş qəbrinin üstünü malalayırdı. Demək, kişi öz qızı ilə yalnız onun ölümündən sonra barışmışdı.

Bu yaxınlarda Bakıda həmin qəddar babanın oğul nəvəsilə söhbətləşirdik. Söhbət əsnasında təsadüfən bu əhvalatın da sirri açıldı. Sən demə, qız atası Talıbın kirvəsi imiş...

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər: Mentalitet  





Xəbər lenti