Ermənistan rəhbərliyinin ikiüzlü siyasəti Pakistan mətbuatında

Ermənistan rəhbərliyinin ikiüzlü siyasəti Pakistan mətbuatında
  08 Noyabr 2013    Oxunub:937
AzVision.az xəbər verir ki, Pakistan mətbuatında Ermənistan rəhbərliyinin ikiüzlü siyasətini ifşa edən məqalə dərc olunub.
Pakistanın “DNA News” informasiya agentliyinin və ingilisdilli nüfuzlu “Centreline” jurnalının internet səhifələrində tanınmış jurnalist, Avropa üzrə mütəxəssis və “Avropa İttifaqının dərinliklərində” kitabının müəllifi Ənsar Mahmud Battinin “Ermənistan xarici siyasətində əks istiqamətdə dönüş” adlı məqaləsi yerləşdirilib.

Yazıda bildirilir ki, noyabrın 28-29-da Litvada keçiriləcək Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində Moldova, Gürcüstan və Ermənistan ilə assosiativ sazişlərin imzalanması, beləliklə də həmin ölkələrin Avropa İttifaqı ilə azad ticarət aparması üçün şərait yaradılması nəzərdə tutulur. Bu təşəbbüsə alternativ olaraq Rusiya Federasiyası tərəfindən Gömrük İttifaqının yaradıldığı və keçmiş sovet respublikalarının bu quruma qoşulmağa dəvət olunduğu diqqətə çatdırılır. Belə ki, sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinin Gömrük İttifaqına qoşulduğunu bəyan etməsi Avropa İttifaqı üçün tam gözlənilməz olub.

Ənsar Mahmud Batti Avrointeqrasiya xəttini özünün xarici siyasətinin prioritet istiqaməti kimi təqdim edən və bu barədə riyakar şüarları fəxrlə səsləndirməkdən çəkinməyən Ermənistan siyasi rəhbərliyinin xəyanətkar davrandığını bildirərək, rəsmi Yerevanın bu addımdan sonra Avropa Komissiyasının Ermənistan ilə assosiativ sazişin imzalanmasının qeyri-mümkünlüyünü vurğulayır.

Müəllif Avropa rəsmilərinin Ermənistanın bu addımına reaksiyası haqqında da məlumat verərək bildirir ki, İsveçin xarici işlər naziri Karl Bildt Şimal və Baltik ölkələrinin xarici işlər nazirləri ilə şam yeməyi zamanı “Görünür ki, Ermənistan Avropa İttifaqı ilə azad ticarət sazişinin imzalanması danışıqlarını pozaraq, əvəzində Rusiya ilə inteqrasiya edəcək. Əks istiqamətdə hərəkət!” fikrini ifadə edib.

Məqalədə Avropa İttifaqının Ermənistana islahatların aparılması, demokratiyanın inkişafı üçün son illər ayırdığı vəsaitin Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı ilə tamamilə öz mənasını itirdiyi nəzərə çatdırılır. Gömrük İttifaqı və Avropa İttifaqının assosiativ sazişi əsla bir araya gəlməyən və hətta ziddiyyət təşkil edən modellər olduğu vurğulanır.

Məqalədə qəbul edilmiş bu qərarın Ermənistan ictimaiyyəti tərəfindən də birmənalı qəbul olunmadığını, Ermənistandakı araşdırma mərkəzlərindən birinin rəhbərinin “Dörd gün ərzində qəbul edilmiş qərarla dörd il ərzində aparılmış iş yerə vuruldu. Qərb, xüsusilə də Avropa bundan sonra Ermənistana strateji cəhətdən qeyri-mühüm ölkə kimi baxacaq. Prezidentin gözlənilməz bəyanatına görə isə Ermənistan dünya qarşısına ədalətsiz, rəqabətsiz və zəif ölkə kimi çıxıb. Aydın olur ki, Ermənistan etibarlı tərəfdaş kimi qəbul oluna bilməz” fikri sitat gətirilir.

Müəllif öz rəyini bildirərək yazır ki, məhz ona görə də bundan sonra Avropa İttifaqı və üzv ölkələr bu dövlətlə münasibətlərinə yenidən baxmalı və heç bir halda insan hüquqlarının pozulması məsələsinə göz yummamalıdırlar. Bu halda insan hüquqlarının kobud şəkildə pozulduğu, prezidentliyə namizədin güllələndiyi və dinc etirazçıların atəşə tutulduğu Ermənistanın hakimiyyəti ilə assosiativ saziş imzalamaq Avropa İttifaqına qara ləkə olardı.

Yazıda qəbul edilən qərarın Ermənistan xalqı ilə müzakirə edilməməsi faktı heyrətamiz adlandırılır. Qərarın iqtisadi səmərəsini təhlil edən pakistanlı jurnalist “Rusiya və Gömrük İttifaqına üzv olan digər ölkələrlə qonşu olmadığı halda Ermənistan öz mallarını Rusiya bazarına necə azad şəkildə ixrac edəcəkdir?” sualını ortaya qoyur.

Dərc olunan məqalə Ermənistan regional araşdırmalar mərkəzinin direktoru R.Qriqoryanın “Bütün bunlardan kim qazanacaq? Əlbəttə ki, Ermənistan xalqı yox. Çünki iqtisadi cəhətdən Gömrük İttifaqı erməni xalqına heç nə vəd etmir. Bundan qazanan yalnız oliqarxlar olacaq” sitatı ilə yekunlaşır.


Teqlər:





Xəbər lenti