Mikayıl Müşfiqin güllələndiyi gün

Mikayıl Müşfiqin güllələndiyi gün
  06 Yanvar 2019    Oxunub:5278
Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin anım günüdür.
Azvision.az xəbər verir ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da xüsusi amansızlıqla qətlə yetirilib.

Mikayıl Müşfiq özünəməxsus poetik aləmə malik, coşqun, parlaq, nikbin təbiətli bir şair olub. Həyatdan erkən getsə də, özündən sonra gerçəkliyi yeniləşdirən, gözəlləşdirən, yaradıcılıq sevinci ilə dolu, alovlu, lirik nümunələr qoyub gedib.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib.

Bundan əlavə, ötən il Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan materiallar prezident İlham Əliyevin diqqətini cəlb edib. Ölkə başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.

Azvision.az


Teqlər: Mikayıl-Müşfiq  





Xəbər lenti