Stalin `Koroğlu`nu necə bəyəndi? - ARAŞDIRMA, ŞƏKİLLƏR

Stalin `Koroğlu`nu necə bəyəndi? - ARAŞDIRMA, ŞƏKİLLƏR
  06 Noyabr 2013    Oxunub:12920
(Əvvəli burada )

“Qüsurları” aradan qaldırmaq üşün Mərkəzi Komitənin bürosu Koroğlunu xan-bəy özbaşınalığına qarşı mübarizə aparan xalq qəhrəmanı kimi, cəsarətli, mərd, mübariz göstərməyi, Azərbaycan folklorundan - mahnı və rəqslərdən daha çox istifadə etməyi, dilin təmizliyinə xüsusi fikir verməyi tövsiyə edir. Həmçinin Koroğlunun “tarixən tamamilə yanlış formalaşmış “quldur” obrazını kənara atmağı” məsləhət görür.


İncəsənət İşləri üzrə İdarəyə və M.F.Axundov adına teatrın rəhbərliyinə ifaçıların tərkibinə bir daha yenidən baxmağı tapşırır. Qərarın 3-cü bəndində isə deyilirdi: “Operada Zaqafqaziya feodallarına qarşı Azərbaycan, gürcü və erməni kəndlilərinin birgə mübarizəsi daha parlaq göstərilməlidir”.

Bu tapşırıq 37-ci ilin proletar beynəlmiləlçiliyi prinsipinə tamamilə uyğun idi. Həm də əfsanəvi Koroğlu obrazı vasitəsilə varlılara qarşı xalq mübarizəsini qabartmaq sovet ideologiyası ilə tam üst-üstə düşürdü.
Bundan təxminən bir ay sonra isə Mərkəzi Komitə “Koroğlu”ya aidiyyatı olan daha bir qərar qəbul edir. Söhbət 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti dekadasına – ongünlüyünə hazırlıqdan gedir.

Mərkəzi Komitə bürosunun 8 fevral 1937-ci il tarixli iclasında qərara alınır ki, Moskvada keçiriləcək dekadada nümayiş etdirmək üçün Müslüm Maqomayevin “Nərgiz”, Qliyerin “Şahsənəm”, Hacəbəyovun “Koroğlu” və “Arşın mal alan” operaları aparılsın.

Qeyd edək ki, dekadaya hazırlıqla bağlı arxiv sənədlərinin içərisində qısa bir stenoqram da saxlanılır və həmin stenoqramdan görünür ki, Mircəfər Bağırov bu məsələni şəxsən Üzeyir bəylə müzkirə edib...

İlk tamaşadan sonra bir həftəlik sükut...

Mərkəzi Komitə “Koroğlu”nun ilk tamaşasının Azərbaycanda Aprel İnqilabının 17-ci ildönümü dövrünə - 37-ci ilin aprelinə salınması barədə tapşırıq verir. 1937-ci il martın 31-də isə opera haqqında daha bir qərar - “Mətbuatda “Koroğlu” operası haqqında informasiyanın təşkili haqqında” adlı qəbul olunur. Sənəddə deyilirdi: “Ələkbərli, Şahbazov, Şamilov yoldaşlara tapşırılsın ki, mərkəzi qəzetlərdə dərc edilmək üçün “Koroğlu” operası haqqında bir sıra məqalələr hazırlasınlar”.

Bütün bunlar dövlətin operaya xüsusi diqqətindən xəbər verir. Və “Kommunist” qəzetinin 1937-ci il 29 aprel tarixli nömrəsində “Sabah Koroğlu” operasının birinci tamaşası göstərilir” sərlövhəsi altında bir neçə yazı dərc edilir. Beləliklə, aprelin 30-da M.F.Axundov adına Böyük Dövlət Opera və Balet Teatrında (o vaxt teatr belə adlanırdı) “Koroğlu”nun ilk tamaşası olur.

Qeyd edək ki, operaya o dövrün tanınmış rejissoru İsmayıl Hidayətzadə quruluş vermiş, Üzeyir bəy özü dirijorluq etmişdi. Və tamaşa böyük uğurla keçmişdi. Lakin belə ciddi mədəniyyət hadisəsi barədə növbəti günlərdə qəzetlərdə bir kəlmə yazı yazılmır. Görünür, bir daha kimlərinsə rəyinin öyrənilməsinə vaxt lazım gəlir. Axı 37-ci il idi...

Yalnız təxminən bir həftə sonra buzlar əriyir. “Kommunist” qəzetinin 6 may tarixli nömrəsi Üzeyir bəyin böyük portreti ilə açılır. Bu, artıq tamaşanın yüksək səviyyədə qəbulu demək idi...
Tamaşa haqqında şərhlər və rəylər “Azərbaycan incəsənətinin təntənəsi” adı altında növbəti səhifədə verilmişdi.

O vaxt ilk tamaşada iştirak edən Hüseyn Cavid operada tarın səslənməsindən təsirlənərək yazırdı: “Koroğlu” operasında Azərbaycanın valehedici musiqi folkloru tamamalandırılmış Avropa musiqi texnikası ilə uzlaşdırılmışdır. İlk dəfə orkestroya daxil edilən tar gözəl səs yaratmışdır”.
Xatırladaq ki, söhbət, tarın köhnəlik, gerilik əlaməti kimi inkar olunduğu 37-ci ildən gedir...

İlk tamaşa bütün səviyyələrdə rəğbətlə qarşılanır. 1937-ci ilin avqustunda Mərkəzi Komitə və Xalq Komissarları Soveti qərara alır:
1. “Koroğlu” operasının müəllifi, bəstəkar, əməkdar incəsənət xadimi Ü.Hacıbəyova xalq artisti adı verilsin.
2. Əməkdar incəsənət xadimi bəstəkar Ü.Hacıbəyova 25.000 məbləğində pul mükafatı verilsin.
Bu, “Koroğlu”nun dövlət səviyyəsində bəyənilməsi demək idi! İndi operanı alnıaçıq Moskvaya incəsənət dekadasına – Stalinin qəbuluna aparmaq olardı...

Üzeyir bəy operaya... iki hissə artırır

Tamaşanın Moskvada nümayişindən əvvəl Üzeyir bəy operaya iki yeni hissə əlavə edir. Ən böyük əlavə üvertüra idi. Bakı tamaşasında üvertüra yox idi. Operaya ikinci əlavə isə sırf ideoloji xarakter daşıyırdı, görünür, bu əlavəni partiya funksiyanerləri təklif edib. Söhbət əsərə əlavə edilmiş son səhnədən gedir. Operanı 2003-cü ildə tamaşaya qoyan rejissor Hafiz Quliyev həmin əlavəni qısaca belə şərh edir: “Xanların, bəylərin zalımlığını qabarıq göstərmək üçün insanların başları kəsilir, sonra Koroğlu gəlib onları xilas edir, qəhrəmanın obrazı tamamlanır”.
Xan-bəy sülaləsinin zalımlığının qabardılması 30-cu illərin sovet ideologiyasına uyğun idi.

Beləcə, həm əzəmətli uvertüra ilə, həm də ideoloji çəkiyə malik son səhnə ilə zənginləşdirilən “Koroğlu” operası 1938-ci ilin aprelində Azərbaycan incəsənəti dekadasında nümayiş olunmaq üçün Moskvaya aparılır.
38-ci ilin 4 aprel tarixli qəzetləri dekadanın açılış xəbərini verir: “Sabah Moskvada Azərbaycan incəsənəti dekadası açılır”.
Aprelin 5-də Moskvadakı Bolşoy teatrda Azərbaycan incəsənəti dekadası “Koroğlu” operası ilə açılır və tamaşaya sovet rəhbərləri - Stalin, Molotov, Kqanoviç, Jdanov da baxır...

Maraqlıdır ki, “Koroğlu” Moskvada dekada günlərində 3 dəfə nümayiş olunur. Və Stalin hətta son tamaşada da iştirak edir. Qəzetlər növbəti gün “Korğlu” operasının nəhəng uğuru” sərlövhəsi ilə çıxır.
Tamaşadan sonra incəsənət dekadasının iştirakçılarının şərəfinə Kremldə tənətnəli qəbul təşkil edilir. Dekada iştirakçıları mükafatlandırılır. Təbii ki, təltif olunanların siyahısına Üzeyir bəy başçılıq edir. Ona SSRİ xalq artisti fəxri adı verilir.
Stalinin tapşırığı ilə Ü.Hacıbəyov namizədlik stajı keçmədən birbaşa Kommunist Partiyası sıralarına qəbul olunur. Qardaşı Ceyhun Hacıbəylinin 20 ilə yaxın bir müddətdə Parisdə antisovet fəaliyyət göstərməsinə baxmayaraq...
Bu, “Koroğlu”ya, elə Üzeyir bəyə də SSRİ miqyasında verilən ən yüksək qiymət idi. Üzeyir Hacıbəyli Stalin mükafatı ilə hələ bundan 3 il sonra – 1941-ci ildə təltif olunacaqdı...

Stalin “Koroğlu”nu niyə bəyənib?

Deyilənə görə, “Koroğlu”nun uvertürası Stalinin çox xoşuna gəlib. Həmin 38-ci ildə Stalin bilsəydi ki, daha 50 il keçəcək və bu musiqi Bakıda bir ara Stalinin özünün adını daşımış Lenin meydanında yüz minlərlə insanın azadlıq himninə çevriləcək, bəlkə də Üzeyir bəy başda olmaqla operanın bütün ifaçılarını elə Moskvadan birbaşa Sibirə sürgün etdirərdi...

Xoşbəxtlikdən, Stalin 50 il sonranı təsəvvür eləmək qabiliyyətində deyildi... Ona görə də, başda Üzeyir bəy olmaqla operanın ifaçıları Bakıya qəhrəman kimi qayıdırlar... Dekada iştirakçılarından 51 nəfər SSRİ-nin yüksək orden və medalları ilə təltif olunur.

Moskvada qazanılan uğurdan sonra “Koroğlu” operası SSRİ-nin başqa şəhərlərində də göstərilməyə başlayır, dövrün və zamanın ən uğurlu əsəri kimi sevilir. Müqayisə üçün xatırladaq ki, Ü.Hacıbəylinin ev muzeyində SSRİ xalq artisti Bülbülün 400-cü dəfə Koroğlu obrazında səhnəyə çıxmasını təsdiq edən proqramlar saxlanılır...

Sonralar bu tamaşaya başqa rejissorlar (Mehdi Məmmədov, Firudin Səfərov, Hafiz Quliyev) quruluş verir, rolları başqa müğənnilər ifa edir. Opera indi də Bakıda, eləcə də bir sıra türkdilli dövlətlərin paytaxtlarında böyük müvəffəqiyyətlə tamaşaya qoyulur.

Bütün bunlar “Koroğlu”nun bu gün də aktual olduğundan xəbər verir. Çünki “Koroğlu” insanları döyüşə, mübarizəyə, qəhrəmanlığa səsləyir. Mübarizə isə, Rəsul Rza demiş, “bu gün də var, yarın da...” Torpaqlarının 20 faizi düşmən tapdağı altında olan məmləkət üçün döyüş ruhu, mübarizə ruhu həmişə aktualdır.

“Koroğlu” rolunun sonuncu ifaçısı olan xalq artisti Samir Cəfərovun dediyi bir fikir isə xüsusi maraq doğurur: “2004-cü ildə Barselonada Monserrat Kabalye üçün Koroğlunun ariyasını oxudum və o, çox bəyənərək dedi ki, ecazkar musiqi, gözəl operadır. Bəs dünya bunu niyə tanımır?” Maraqlı sualdır. Və operanın özü qədər aktual sualdır...

O da maraqlıdır ki, “Koroğlu” qanlı-qadalı 30-cu illərdə yaradılıb. Və kimin nə deməyindən asılı olmayaraq, Mircəfər Bağırovun, elə lap İosif Stalinin xeyir-duası ilə işıq üzü görüb. Müəyyən dərəcədə o dövrün ideologiyasına – sovet ideologiyasına xidmət eləyib. Amma o dövr çoxdan arxada qalıb. O ideologiya da xeyli vaxtdır iflasa uğrayıb. “Koroğlu” isə yaşayır, tamaşaya qoyulur, baxılır və sevilir.

Deməli, hətta sovet repressiya maşınının dayanmadan işlədiyi 37-ci ilin məhdud çərçivələri içində də ümumbəşəri əsər yaratmaq mümkün imiş. Təki insanda Üzeyir Hacıbəyli istedadı, Üzeyir Hacıbəyli vətənpərvərliyi, Üzeyir Hacıbəyli ucalığı olsun...

Müsəllim Həsənov
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti