Snouden Merkellə bağlı açıqlama verəcək

Snouden Merkellə bağlı açıqlama verəcək
  01 Noyabr 2013    Oxunub:1088
Edvard Snouden Almaniya Kansleri Angela Merkelin telefon danışıqlarının dinlənilməsi ilə bağlı açıqlama verməyə razılaşdı.

Rusiyada sığınacaq tapmış MTA və MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden Almaniyanın Baş Prokurorluğunun əməkdaşları ilə görüşərək ABŞ-ın, Angela Merkelin telefon danışıqlarını dinləməsi ilə bağlı şahid kimi ifadə verməyə razılaşıb. Bu barədə bundestaqın deputatı, parlamentdə xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət komitəsinin üzvü Hans Kristian Ştryobele, oktyabrın 31-də Moskvada Snoudenlə görüşündən sonra, Almaniyanın ARD telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, söhbət zamanı Snouden “çox şeylər bildiyinə” işarə edib.

“Keçmiş MKİ agenti ABŞ təhvil verilməyəcəyinə tam arxayın olaraq Almaniyaya gələ və şahidlik edə bilər”-deyə Ştryobele bildirib. Almaniyalı deputat, Snoudenə Moskva araşdırma qrupunun üzvləri ilə də görüşməyi təklif edib.

Alman mətbuatının məlumatına görə, oktyabrın 31-də Snouden Ştryobele vasitəsilə Almaniya hökumətinə, parlamentə və baş prokurorluğa məktub göndərib. Məktubun mətni noyabrın 1-də açıqlanacaq.

Qeyd edək ki, Angela Merkelin telefon zənglərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən dinləndiyi ötən həftə məlum olub. Bu hadisə Almaniya ilə Amerika arasında qalmaqala səbəb olub. Hazırda Almaniya hökuməti məsələni araşdırmağa qərar verib. ABŞ tərəfi isə xüsusi xidmət orqanlarının dinləmələrə son qoyduğunu bəyan edir. Onu da qeyd edək ki, ABŞ kəşfiyyatının məxfi fəaliyyəti barədə məlumatları mətbuata Edvard Snouden sızdırıb.

Səbinə
AzVision.az



Teqlər:





Xəbər lenti