İlahiyyat İnstitutunun rektoru: “İslam dünyasında əxlaq problemi var”

 İlahiyyat İnstitutunun rektoru:  “İslam dünyasında əxlaq problemi var”
  20 Noyabr 2018    Oxunub:2335
"Bu gün Azərbaycanda dinə münasibət birmənalı deyil"
Azvision.az xəbər verir ki, bunu İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" mövzusunda keçirilən konfrasda deyib.

Onun sözlərinə görə, bəzi insanlar dinə ironiya ilə yanaşırlar: "Bunun obyektiv və subyektiv səbəbləri var. Belə problemlər bizim hamımızın problemidir".

Rektor qeyd edib ki, islam mədəniyyətinə töhfə verən alimlərin bir qismi bu bölgədə yetişib: "Bizim bölgə islam mədəniyyətinə, islam tarixinə bir çox tarixi şəxsiyyətlər bəxş edib. Bu gün Azərbaycanda din sahəsinə böyük diqqət var".

C.Məmmədov, həmçinin bildirib ki, dini zəmində sosial şəbəkələrdə məzhəb təbliğatlarının aparılmasına cəhd edilir. "Bunların qarşısının alınmasında ən böyük məsuliyyət ilahiyyatçıların üzərinə düşür. İslamın intibah dövründə insanlar dini biliklərlə yanaşı, dünyəvi biliklər də əldə edirdilər. Hazırda qarşımızda duran əsas hədəflərdən biri elə ilahiyyatçılar yetişdirməkdir ki, onların dil bilikləri yüksək olsun. Bu gün ingilis dilində, rus dilində bilən ilahiyyatçı azdır və bu insanlara daha çox ehtiyac var".

Rektorun fikrincə, islam dünyasında əxlaq problemi mövcuddur: "İbadət edirsən, inam var, amma əxlaq prinsiplərinə nə qədər əmək edirsən?! Bu gün "Hacı" sözünə, "dindar" deyəndə ironiya ilə yanaşırlar. Bunun günahları təkcə cəmiyyət deyil. Bu gün Azərbaycanda çox savadlı, bilikli ilahiyyatçılar var. İlahiyyatçıların üzərinə düşən ən vacib məsələlərdən biri bu sahəyə münasibəti dəyişməkdir. Ən çox təndiq edilən, ironiya ilə yanaşılan sahələrdən biri məhz dindir"

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Məmmədov  





Xəbər lenti