"Azərbaycan prezidenti dünyada sülhü təbliğ edir" - FOTOLAR

"Azərbaycan prezidenti dünyada sülhü təbliğ edir" -  FOTOLAR
  25 Oktyabr 2018    Oxunub:2205
VI Bakı Beynəlxalq Humanitar Formunun işçi sessiyası keçirilib.
Azvision.az xəbər verir ki, sessiyada "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminat amili kimi" mövzusunda müzakirələr aparılıb.



Sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Müşahidə Şurasının sədri Kamal Abdullayev bildirib ki, Avropada multikulturalizm iflasa uğrayıb. O, qeyd edib ki, bu ölkələrdə multikulturalizm inkişaf edə bilmədi. K.Abdulla vurğulayıb ki, Azərbaycada multikulturalizmin nikbin qütbü təntənə çalır.



Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə isə çıxışında deyib ki, Azərbaycan multikultural dəyərlər məkanıdır: "Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir. Çünki Azərbaycan xalqı humanist xalqdır. Azərbaycanda dilindən, dinindən asılı olmayaraq yaşayan hər bir insan öz dil, din azadlığını tapa bilir. Prezident İlham Əliyev 2016-2017-ci ili Multikulturalizm, İslam Həmrəylik ili elan edib. Bunun bünövrəsi isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Mən bunun şahidiyəm. Bu gün biz dünyaya göstəririk ki, Azərbaycan xalqı tolerant xalqıdır. Bu gün keçirilən forumda Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf edir. Bunun üçün Azərbaycanda hər bir şərait var".



A.Paşazadə vurğulayıb ki, Azərbaycan dinlərarası əlaqələrin mərkəzidir: "Yaratdığımız bu mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlirlər. Biz ötən il müxtəlif dövlətlərdə konfrans, görüşlər keçirmişik. Bu il biz Qafqaz xalqları Ali Dini Şurasının rəhbərliyinin nəzdində Şimali Qafqazda konfrans keçirdik. Bu yaxınlarda da İspaniyada daha böyük konfrans keçirəcəyik. Orada dünyanın tanınmış dövlət din xadimləri iştirak edəcək. Noyabrın 19-da Berlində böyük konfrans keçiriləcək. Orada dünyanın 100-ə yaxın din xadimi iştirak edəcək".



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında deyib ki, forum Azərbaycanın humanitar məsələlərin müzakirə məkanına çevrildiyini göstərir: "Bakı beynəlxalq humanitar xarakterli məsələlərin müzakirəsində önəmli rol oynayan şəhərə çevrilib. Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar ölkədən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır. Forum Azərbaycanın azad ölkə olduğunu, mətbuat azadlığının təmin olunduğunu, demokratik dəyərlərin təbliğ edildiyini nəzərə çatdırır. Hesab edirəm ki, bunlar Azərbaycanın qarşısında dayanan strateji vəzifələrin icrasına çox əhəmiyyətli təsir göstərmiş olur".



Hindistanın “Art of Living Fondu”nun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar deyib ki, Azərbaycan multikulturalizm ənənələrinə görə dünyaya nümunədir: "Azərbaycan Prezidenti böyük təşəbbüsü öz üzərinə götürərək dünyada sülhü, multikulturalizmi təbliğ edir. Tolerantlıq neqativ məna daşımadan mədəniyyətlərə, müxtəlif xalqların bir-birinə hörmətdir. Multikulturalizm ənənələri zəiflətmir, mənsubiyyəti itirmir. Bütün din nümayəndələri bu ölkədə çiyin-çiyinə yaşayır, fəaliyyət göstərir. Biz də bu müxtəlifliyi təqdir edib sevməliyik. Multikulturalizm digər ənənələrə mehriban yanaşma tərzi sərgiləyir".

















Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Forum  





Xəbər lenti