48 yaşlı deputat: `Mən çox eqoistəm` - MÜSAHİBƏ

48 yaşlı deputat: `Mən çox eqoistəm` - MÜSAHİBƏ
  15 Oktyabr 2013    Oxunub:2809
Bu gün, Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın doğum günüdür.
“Ömrümün heç bir anını hədər getmiş hesab etmirəm...” 48 yaşı tamam olan millət vəkili AzVision.az-a müsahibəsində belə deyib.


Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınıb) 15 oktyabr 1965-ci ildə Naxçıvanda inşaatçı ailəsində dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub.
2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.
2003-cü ildə yaradılmış Böyük Quruluş Partiyasının başqanı seçilib. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.
Fəlsəfə elmləri namizədidir. 12 kitabın müəllifidir. Ailəlidir, 2 övladı var.


- Ad gününüzü necə qeyd edirsiniz?
- Ad günü keçirməyi çox xoşlamıram. Təbii ki, qeyd olunası tarixdir. Amma daha çox uşaqlıq illərində xoşlayardım. Xüsusilə də anamın ad günlərində bişirdiyi plovu çox sevərdim. Zaman keçdikcə dostlarla, tanışlarla qeyd etmişəm, lakin xüsusi təmtəraqla yox. Bu dəfə də ad günümü xüsusi qeyd etməyəcəm . Bizdə qayda belədir ki, yeməyimizi hazır qoyuruq, heç kimi də çağırmırq. Ailənin kiçiyi olsam da məni ağsaqqal kimi qəbul edirlər. Yığışanda mənim bağımda yığışırıq. Anam da mənimlə qaldığından bizim ev ailə ocağı hesab edilir. Yalnız bir dəfə 40 yaşımı restoranda qeyd etmişəm. Hesab edirəm ki, ad gününə xüsusi olaraq önəm verənlər, başqa günlərdə az xatırlananlardır. Birdə ki, vaxtın hansısa bir rəqəmlə ifadə olunmağını sevmirəm. Yaşadığın ömrün hər anını elə yaşamalısan ki, onu unutmayasan.

- 40 yaşı qeyd etməklə bağlı səsləndirilən məlum inanclara münasibətiniz necədir?
- Mənim belə inanclara inamım yoxdur, nə qara pişiyə nə də ki 13 rəqəminə. Bunların üzərinə yeriyən adamam.

- Bir az ailənizdən danışaq
- Biz 6 uşaq olmuşuq; 4 qardaş, iki bacı. Bu günədək bizim aramızda heç bir narazılıq yoxdur. Biri-birimizlə çox mehribanıq. Anam hər birimizin ad gününə xüsusi diqqətlə yanaşıb. O, xeyriyyəçiliklə də məşğul olur, Maarifçi Xeyriyyə Cəmiyyətinin sədridir, çox fəal qadındır. Atam isə inşaatçı olub. O, hər zaman, hamımızı bir yerdə görməyi sevərdi. O, rəhmətə gedəndən sonra anamın qayğısına biz qalmışıq. Anam hər zaman süfrəmizin başında əyləşir, onun hər nazını çəkirik. Artıq ad günlərində plovu gəlinlər bişirir.

Öz ailəm haqında deyim ki, iki övladım var, bir qız, bir oğlan. Həyat yoldaşım tibb bacısı işləyirdi, indi analıq məzuniyyətindədir, 3 yaşlı qızımızın onun xüsusi baxımına ehtiyacı var. Oğlum `Çağ Öyrətim` liseyinin 9-cu sinif şagirdidir. Qızım Duru bağçaya gedir. Hər gün də bağçadan onu götürəndə şərt qoyur ki, sabah məni mütləq bağçaya gətir. Bağçanı çox sevir evə gəlmək belə istəmir. Özünə məxsus davranışları olan, özünü sevdirən qızdır.

- Hədiyyə olaraq nəyi xoşlayırsınız?
- Ən çox kitab hədiyyəsini xoşlayıram. Hədiyyə kimi müxtəlif CD disk və tabloları sevirəm. Ancaq saat heç xoşlamıram. Qolumdakı saatı10 ildir ki, taxıram.



Ümumiyyətlə, əşyanı, paltarı dəyişməyi çox sevmirəm. Bir futbol köynəyim var, onu 1986-cı ildən bəri saxlayıram və oyunlara onu geyinirəm. Hətta bəzi yerləri sökülüb.

- Yəni dəyişiklikləri heçmi sevmirsiniz?

- Sizə bir əhvalat danışım. Ali məktəbdə hüquq fakültəsinə daxil olmuşdum. O vaxt hüquq fakültəsi daha çətin və populyar idi. Mənə bahalı “layka” plaş almışdılar. Cəmi bir gün geydim. Elə bilirdim ki, mənə həsədlə baxırlar. O plaşı qardaşıma verdim. Əvəzində onun sadə plaşını aldım. Aksesuar və ya paltar ilə deyil söz , düşüncə ilə diqqət çəkməyi sevmirəm. Məsələn, qalstuk taxmamağa çalışıram. Qalstukdan zəhləm gedən kimi ikinci bir şeydən zəhləm getmir. Sadəcə, işimə görə məcburam. İşdən kənar vaxtlarda idman formasına üstünlük verirəm. Sərbəstliyə mane ola biləcək hər bir şeydən qaçıram. Amma tutduğum mövqe, cəmiyyət həyatında müəyyən məsələlərə münasibətim istər-istəməz məni diqqət mərkəzinə gətirir. Futbol, basketbol oynamağı xoşlayıram. Yaşıma baxmayaraq, cavanlara oynayıram. Məsuliyyəti, liderliyi, öz üzərimə götürməyi, qələbəni, lakin məğlub olmağı da bacarıram.
Mən həm də eqoist insanam. Eqoizm əslində yaxşı əlamətdir. İnsan birinci özünü kəşf etməlidir. Özünə dəyər verə bilməyən adam ailəsinə və millətinə dəyər verə bilməz.
Ədəbiyyatı, şeri sevirəm. Uşaqlıqdan çox iddialı şerlər yazırdım. Hamı fikirləşirdi ki, yaxşı şair olacaq. Şerlərim Azərbaycan jurnalında çap edilirdi.

-Bəs ədəbiyyata marağı olan Fazil Mustafa, siyasətə necə gəldi?

-Pionerlər sarayında bizim bir dərnəyimiz vardır. Asif kələntərli dərnəyə rəhbərlik edirdi, həm də mənim ədəbiyyat müəllimim idi. Siyasətə marağı o aşılayıb mənə. 1981-ci ildə Əbülfəz Elçibəy Naxçıvana gəlmişdi. O zaman 9-cu sinifdə oxuyurdum. Bizə qohumluğu çatan bir nəfər məni onunla görüşdürdü. Mənim də bir şer dəftərim var idi. Onu götürüb getdim. O şer dəftərində Azərbaycanın azadlığı haqqında şerlərim vardı. Elçibəy məni və şerlərimi çox bəyəndi. Biz dostlaşdıq. Mənə telefonunu verdi və dedi ki, Bakıya gələndə əlaqə saxla, sən mütləq ali məktəbə qəbul olmalısan, sənə kömək edəcəyəm. Köməyə ehtiyacım yox idi. Atamın imkanları geniş idi. Ali məktəbə kiminsə dəstəyi ilə qəbul olunmaq istəmədim. Məni hərbi xidmətdən də saxlamışdılar, amma özüm məcburi getdim. Hətta atamın mənə verdiyi maşından da imtina etdim. Iki il universitetin filologiya fakültəsinə qəbul ola bilmədim. Sonra bir müddət tikintidə fəhlə işlədim. Daha sonra hərbi xidmətə getdim. Qayıdandan sonra heç bir yana sənədlərimi qəbul etmədilər. Təsadüf nəticəsində hüquq fakültəsinə sənəd verdim. Beləliklə də ədəbiyyatçı yox, hüquqşünas oldum. Hüquq fakültəsindən Azərbaycan Xalq Cəbhəsinə ilk təyinatı mən aldım. Universiteti bitirib birbaşa xalq cəbhəsinə getdim. Həyat özü mənə tamamilə başqa sürprizlər hazırladı. Özüm də bilmədən artıq siyasətin içində idim, Nemət Pənahovla bir yataqxanada qalmışıq. 1986-cı ildə Çənlibel dərnəyinin büro üzvü idim. Şimali Azərbaycan tələbə təşkilatı yaratdıq. Sədrliyi mən etdim, bu siyasətin içi idi əslində. İlk dövrlərdə mövqeyimizi ədəbiyyat vasitəsilə təbliğ edirdik. Sonra artıq təşkilat və başqa platformalarda təbliğatlara başladıq. Siyasətə daxil olduq.

- Keçmişinə bağlı insansınızmı?

- Keçmişdə xatirələr, müəyyən epizodlar , müəyyən insanlar, talelər var. Məqamı düşdükcə onları xatırlayırsan. Keçmişə aludə olmaqla gələcəyi düşünmək çox çətin olur. Bəzən də keçmişi büküb bir tərəfə qoyursan. Çünki, mane olmağa başlayır. Amma elə anlar var ki, onları qoparmaq olmaz. Məsələn, orta məktəb yoldaşlarımı, hərbi xidmətdə bir yerdə olduğum dostlarım görəndə kövrəlirəm. Ancaq, ümumiyyətlə keçmişdə oyalanmağı çox xoşlamıram.



- Keçmişdə atdığınız hansı addım barədə kaş belə yox, başqa cür edərdim demisinizmi? Xüsusən də siyasətdə.

- Xeyr. Ümumiyyətlə mən siyasətə də, həyata da tale kimi baxıram. Yazılmış bir yoldur. Bu yolda təbii ki, müəyyən məqamlarda ağlın müdaxiləsi var. Bu, cızılmış yoldur və mən bu yolda heç nəyə görə peşman deyiləm. Yaşadığım hər bir anın da məsuliyyətini daşımağı sevirəm. Kiminsə nə zamansa qəlbinə dəymişəm, kiməsə nə isə etməli olduğum köməyi etməmişəm və s. bunlar hamısı epizodlardır. Ona görə də insan keçmişlə bağlı özünü çox mühakimə etməməlidir. İnsan yalnız bu günün şərtlərində doğru olanı seçməyi bacarmalıdır.

- Bayaq dediniz ki, köhnə dostlarınızı görəndə kövrəlirsiniz. Ümumiyyətlə kövrək insansız?
- Kövrək insanam. Hətta ağlayıram da. Kişi də, qadın da ağlaya bilər. Bu, kişiliyin, ya da qadınlığın müəyyən olunma meyarı deyil. Tale insanlara müxtəlif cür sürprizlər hazırlayır, problemlər olur və mənim də həyatımda elə məqamlar olub ki, hönkür-hönkür ağlamışam. Yadımdadır ki, mən Bakı Dövlət Universitetində imtahan verəndə axırıncı komissiyadan çox çətinliklə 5 aldım. Bütün müəllimləri tökdüm ora, axırda rektor gəldi, məcbur olub 5 verdi. Pilləkənləri enəndə birdən-birə iyrəndim. Azərbaycan təhsil sistemindən, müəllimlərdən, hamısından iyrəndim. Oturdum pilləkəndə və başladım ağlamağa. Onda hamı elə bildi ki, mən aşağı qiymət almışam. Gördülər ki, 5 almışam, amma ağlayıram. Mən düşünürdüm ki, bu cür təhsil, bu cür münasibət olmaz, ona görə də ağlamışdım.
Oğlumun ölümü də mənə çox ağır təsir elədi. Atam vəfat edəndə isə o qədər də sarsılmadım, bəlkə də oğlumdan sonra ölüm mənim üçün adiləşmişdi. Amma yenə də daxilən rahatlamaq üçün ürəyimdən ağlamaq keçdi.

- Bu günə qədər sizi ən çox sevindirən və ya sarsıdan nə olub?
- Kitabım çıxanda sevinmişəm. Qızım dünyaya gələndə bizə xüsusi sevinc bəxş etdi. Bir də kiməsə köməyim dəyəndə sevinirəm. Bunu çeşidləmək çox çətindir. Məsələn, yolda görürəm ki, iki qadın qaçır, sevinirəm ki, insanlar hərəkət edir, idman edir. Dürüstlük görəndə, telefonun, pulun itib onu sənə qaytaranda sevinirsən.

Hər halda kədərləndiyim anlar da olur. Misirdə, Fələstində, İranda və başqa yerlərdə hansısa hadisə olursa, insanlar ölürsə bu, adamı kədərləndirir. Adi bir filmdəki epizod insana pis təsir edir. Dünən “Samanyolu” kanalında bir filmə baxırdıq. Qıza haqsızlıq etmişdilər, o inandırmağa çalışırdı ki, oğurluq etməyib. İstər-istəməz mənim gözümdən yaş gəldi.

- Sevdiyiniz insanlar, ailənizdən əlavə, kimlərdir?
- Sevdiyim insanlar var və dəyərlər var. Bir də insan-dəyərlər var. Bu insanlar mənim həmsöhbətimdir. Onlardan 5-nin adını saya bilərəm. Bunlardan biri Mirzə Cəlildir. Onu hiss edirəm. Digərləri, Məhəmməd Əmin Rəsulzadə, Nuru Paşa, Əbülfəz Elçibəy, Xudu Məmmədov.
Əsas olan Allah sevgisi, hər şeyi onun xətrinə sevmək, onun xətrinə güzəştə getməyi bacarmaqdır. Mən həmişə bu şüarı qabardıram – Xidmət xalqa, hesab haqqa. Siyasətdə də bu fəlsəfə önə çıxmalıdır. Dostlarımı sevirəm. İdmanı sevirəm, incəsənəti sevirəm.



-Milli Məclisdə həmkarlarınızdan kiminlə münasibətləriniz daha yaxşıdır?
- Milli Məclisdə siyasi əqidəsindən asılı olmayaraq hər kəslə münasibətim normaldır. Dostluğa gəlincə isə siyasətdə dost anlayışını doğru qəbul etmirəm. Dostluq siyasətdən kənardadır. Burada hər kəslə həmkarıq. Məsələn, Qüdrət Həsənquliyevlə şahmat oyanayıb onu udmaqdan zövq alıram. O da yaxşı oynayır, amma çox vaxt mən qalib gəlirəm. Udmaqdan zövq almaq da var. Elə adam var ki, ona qalib gəlmək sənə zövq vermir. Bundan başqa Musa Urudla ədəbiyyatdan söhbət etmək çox gözəldir. Eldar İbrahimovla, Mübariz Qurbanlı ilə tarixdən, cəmiyyət həyatından söhbət etmək zövq verir. Novruz Aslanla isə incəsənətdən danışmaq xoşdur.

- Bu günə qədər “qara siyahınıza” saldığınız insan olubmu?

- Olub. Dələduzluqla məşğul olan insanlar olub ki, onların üstündən xətt çəkmişəm. Bundan başqa əxlaqsızlıqla məşğul olan adam olub ki, onunla ünsiyyəti kəsmişəm. Amma həmişə Tolstoyun bu deyimini qəbul etmişəm ki, “iblis günaha batmış mələkdir”. İnsanı müəyyən dərəcədə anlamaq lazımdır.. Məsafə qoymuşam ki, düşüncələrimin rahatlığını pozmasınlar. Bəzənsə düşmən kimi gördüyüm adama yazığım gəlir. Bizim qiymətimiz bütün hallarda subyektivdir. Ona görə də sonuna qədər insanı mühakimə etmək olmaz.

- İnsanları tanımaq sizin üçün asandır, yoxsa çətin?
- Bu, tanımaq istədiyim insanın xarakterindən asılıdır. Çalışıram ki, insanlara inanım. Hətta danışılan yalana belə inanmaq istəyirəm. Çünki birdən-birə insanın dəyərini azaltmaq istəmirsən. Istəyirsən ki, insana güvənəsən. Düşünürsən ki, fırıldaqçıdır, amma sənin bu davranışın bəlkə onu dəyişdirdi? Çalışıram təmkinli davranım ki, qarşımdakının potensialını ortaya çıxmağına imkan yaradım. Hər kəsdən faydalanmağı bacarmaq lazımdır. Bundan başqa mühakimənin doğru olub-olmadığı da önəmlidir. Mühakiməm doğru deyilsə, mübahisəyə girmirəm. İnsan fəhlə olub doğru mühakimə apara bilər, yaxud universitet müəllimi olub heç nə anlamaya bilər. Azad Mirzəcanzadənin bir sözü var idi. Soruşanda ki, alim olmaq üçün nə etmək lazımdır? Deyirdi ki, lazım olmayanı oxumamaq. Bunları doğru seçməyi bacaranda həyatın rahat keçir. Dəli ilə dəli kimi, ağıllı ilə ağıllı kimi, bir sözlə hər kəslə davranış üslubu tapırsan. Bir dəfəlik bilirsən ki, bununla mübahisə yersizdir.

- Bayaq dediniz ki, bəzən özünüzü yalana da inandırmağa çalışırsınız. Maraqlıdır, bilə-bilə ki, qarşınızdakı yalan danışır buna necə inanmaq olar?
- İnsan yaşanan ömrün iztirabları və problemlərinin daşyıcısıdır. Bu baxımdan onu yola vermək, anlamaq vacibdir. Biz özümüz də “müqəddəs” yalan deyə bilirik. Kimisə vəziyyətdən çıxarmaq üçün, ya da hansısa xəbəri birbaşa deməmək üçün və s.
Əsas odur ki insanın niyyəti düz olsun. Əgər insanın niyyəti düzdürsə onun müəyyən qüsurlarını bağışlamaq olar.

Əsəbi insansınızmı?
Xeyr çox əsəbi insan deyiləm. Təbii ki, əsəbiləşdiyim zamanlar da olur. Ancaq deyərdim ki, səbrim əsəbimi üstələyir. Əsəbimi cilovlamağı bacarıram. Elə məqamlar olur ki, ətrafdakılar “səndən gözləməzdik “ deyə mənim səbirlə davranmağımı təəccüblə qarşılayırlar. Görünür, bu da elə “48” yaşa xas olan təmkindən irəli gəlir.
Əksər hallarda güzəştə gedirəm, yeganə qəbul etmədiyim təhqirdir. Həyatım boyu istər şəxsi həyatımda istərsə də siyasətdə heç kimə qarşı namərdlik , saxtakarlıq etməmişəm. Lakin mənə qarşı namərdlik etdilər. Zorakılığa məruz qaldım və susdum. Bütün bunlara baxmayaraq, kiməsə iztirab vermədən, əksinə fayda verə biləcəyimi düşünüb siyasətdə qala bildim.
Mənim üçün digər önəmli məqamlardan biri də siyasətdə davranış mədəniyyətidir. İstər müxalifət olsun , istər iqtidar, əgər hər kimsə öz fikrini bağıraraq, kimisə təhqir edərək danışırsa deməli bu cür davranışda bir mədəniyyətsizlik , saxtakarlıq var. Dürüstlüyün ölçüsü iqtidar və ya müxalifət cinahında olmaqla ölçülmür; özünü müxalifət adlandıran o qədər nadürüst adam var ki... Bir qisim inşalar var ki, nə özünə , nə də ailəsinə hesabat verməyi bacara bilmir, dəyəri olmayan insanlar özlərinə dəyər qazandırmağa başlayıblar. Belə olmaz. Azərbaycan cəmiyyətində ala qarğa bala çıxarmır. Təmiz olmaq lazımdır.
Mən bütün bunları görüb gəlmişəm və bu gün 48 yaşımın astanasında özümü çox rahat hiss edirəm. Avtomobilimi sürücüsüz idarə edirəm, hər yerə , mağazaya rahat gedirəm, futbol oynayıram. Heç kim də mənə mane olmur, çünki alnım açıqdır, heç kimə qarşı ədalətsizlik etməmişəm, ona görə də rahatam, bundan sonra da belə olacaq.

-Əsgərlik illərini necə xatırlayırsınız?
- Əsgərliyə valideynlərimdən xəbərsiz getmişəm. Onlar təhsilimi davam etdirməyimi istəyirdilər. Lakin mən hərbi xidmətə müraciət etdim və valideynlərimə xəbər verdim ki, sabah əsgər gedirəm. Həm sovet ordusunda, həm də 38 yaşımda ikən Azərbaycan ordusunda hərbi xidmət keçdim.
Ukraynada qulluq edərkən, zəif , çəlimsiz birisi idim. Lakin rus dilini bilməyim və yaxşı futbol oynamağım karıma gəldi. Komandirim futbolu çox sevirdi. Şahmat yarışlarında iştirak edirdim. Hətta bacarmasam da sambo yarışlarına qatılıb, təsadüfən də olsa xal hesabına 3-cü yeri qazanmışdım. Açığı yarışa 10 gün Kiyevdə qalmaq xətrinə qoşulmuşdum. Riski çox sevirəm.

...Ömrümün heç bir anını hədər getmiş hesab etmirəm. İki ay həbsxanada olduğum müddətdə belə özüm üçün nə isə qazandım. Orada tanıdığım insanlarla sonradan biri-birimizə köməyimiz dəydi. Bu da bir qismət idi... Həbsxananın özü belə bir məktəb oldu mənim üçün. 15 gün kamerada tək qalanda dadıma bildiyim çoxlu sayda şerlər çatdı. Həbsxanada çoxlu mütaliə edirdim. Elə səngərdə də gecələr kitab oxuyardım. İndi isə yığılıb qalmış kitablarımı oxumağa vaxtım yoxdur.
Ona görə də həyatımız boyu qarşımıza çıxan hər şansı ağılla dəyərləndirməliyik. Düşdüyümüz yeri kəşf etməli, mövqeyimizi göstərməliyik.



Səbinə Həsənova
Nihadə Eyyubova
Foto: Elnur Muxtar



Teqlər:  





Xəbər lenti