Tbilisidə yenidən kütləvi etirazlar başladı

Tbilisidə yenidən kütləvi etirazlar başladı
  10 İyun 2018    Oxunub:2408
Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyası keçirilir.

AzVision.az xəbər verir ki, etirazçı kütlə parlament binasının qarşısında toplaşıb. 5 mindən çox insanın qatıldığı aksiyaya görə Rustaveli prospekti bağlanıb.
Etirazçı kütlə hökumətin istefasını tələb edir. Aksiyaya müxalif siyasi partiyaların nümayəndələri də qoşulublar.

Aksiyaların təşkilatçısı Zaza Saralidze oğlu David Saralidzenin və digər yeniyetmənin qətlləri üzrə istintaq işində Gürcüstan hökumətinin yetərli tədbirlər görmədiyini və konkret addımlar atmadığını deyib.

Xatırladaq ki, ötən ilin dekabrında Tbilisidə 2 məktəblinin bıçaqlanaraq öldürülməsinə görə kütləvi etiraz aksiyaları keçirilib və günlərlə davam edib. Aksiyaların təşəbbüskarı ölən yeniyetmələrdən biri - David Saralidzenin birinin atası Zaza Saralidzedir. O, iddia edir ki, 51 nömrəli məktəbin yuxarı sinif şagirdləri arasında baş verən kütləvi davada oğlunu polisin tutduğu şəxslər yox, məhz prokurorluğun qorumağa çalışdığı yüksək vəzifəli məmurların övladları çoxsaylı bıçaq zərbəsilə öldürüblər.

Məlum hadisə Gürcüstanda böyük əks-səda yaradıb və nəticədə Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Bu, etirazçıları qane etməyib və onlar indi də Gürcüstanda cinayətləri ört-basdır edən prokuror və məhkəmə işçilərinin, həmçinin baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb ediblər. Etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildiriblər. Georgi Kvirikaşvili isə açıqlamasında məlum olaya görə istefa verməyəcəyini bəyan edib.

Etirazlar nəticəsində 2 şagirdin qətl işinə yenidən baxan Tbilisi şəhər məhkəməsinin çıxardığı hökmlə cinayəti törədən 2 yeniyetmədən biri 10 il 6 ay, digəri isə 9 il 9 ay müddətində azadlıqdan məhrum edilib. Lakin Zaza Saralidze bu qərarı ədalətsiz hesab edib.

AzVision.az


Teqlər: Tbilisi   Etiraz   Aksiya  





Xəbər lenti