Göyçay çayı üzərində alternativ körpü salınacaq - FOTOLAR

Göyçay çayı üzərində alternativ körpü salınacaq - FOTOLAR
  03 İyun 2018    Oxunub:3864
Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindən keçən avtomobil körpüsü dağılıb.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev AzərTAc-a bildirib ki, selin təsiri nəticəsində körpü yararsız hala düşüb. Onun yanındakı piyada körpüsünü də sel aparıb. Sel suları körpünün altındakı beton plitələri, sahil mühafizə bəndini dağıdaraq torpaq qatını yuyub aparıb və çay yatağını 20 metr genişləndirib.



İkram Vəliyev bildirib ki, hazırda çayda güclü sel axını davam edir, suyun səviyyəsi hələ aşağı düşməyib. Çayın sahillərində torpaq uçqunu da davam edir. Dağılan avtomobil körpüsünün bərpası mümkün olmayacaq, onun sökülərək yerində müasir körpünün inşası üçün hazırda lazımi qurumların nümayəndələri tərəfindən məsləhətləşmələr aparılır. Yeni körpü tikilənədək avtomobillərin hərəkətinin təmin edilməsi üçün müvəqqəti olaraq alternativ körpü salınacaq. Alternativ körpünün tikintisinə çayda su azalandan sonra başlanılacaq.



Komissiya sədri rayon sakinlərinin hazırda Göyçay şəhərinin şimalında, Göyçay çayı üzərindəki asma körpüdən müvəqqəti olaraq piyada gediş-gəliş üçün istifadə etdiyini bildirib. O deyib ki, bu körpüdən də müvəqqəti istifadə olunur.



İkram Vəliyev rayonda baş verən fövqəladə hadisə ilə bağlı xüsusi qərargahın yaradıldığını bildirib. O əlavə edib ki, müvafiq qurumların nümayəndələri Göyçaya gəlib, əraziyə baxış keçiriblər. Körpü ilə yanaşı, dağılaraq yararsız hala düşən təbii qaz, içməli su, rabitə, internet, elektrik xətlərinin bərpası üçün də işlər görülür.









AzVision.az


Teqlər: Göyçay   Körpü   Çay  





Xəbər lenti