`Bakı həm Makaoya, həm də Kubaya oxşayır` - MÜSAHİBƏ

`Bakı həm Makaoya, həm də Kubaya oxşayır` - MÜSAHİBƏ
  06 Oktyabr 2013    Oxunub:2204
Litvalı müğənni və bəstəkar Viqantas Kazlauskas-ın AzVision.az-a müsahibəsi.
- Viqantas Kazlauskas kimdir və yaradıcılığa necə başlayıb?

- Mənim yaradıcılıq yolum 15 yaşımda başlayıb, belə ki, valideynlərim 8-ci sinfi müvəffəqiyyətlə bitirdiyimə görə mənə gitara hədiyyə etmişdi. Tibb universitetinin birinci kursunda oxuyarkən mahnılar ifa edirdim. Həmin vaxtdan etibarən oxuyuram. Yeri gəlmişkən, ixtisasım anestezioloq-reanimatoloqdur. Fransada oxumağı bacardığımı bildikdə məni müxtəlif tədbirlərə dəvət etməyə başladılar.

İlk dəfə ürəyin transplantasiyasını gördükdə fikirlərim dəyişdi. Bu mənzərəni görmək çox dəhşətlidir - bədəndən ürəyi çıxarırlar və həmin yerdə böyük çuxur qalır. Ürək cəld tikilir, sonra isə döyünməyə başlayır. Onda mən düşündüm ki, ürəklə bu cür etmək olmaz. Ruhu transplantasiya etmək mümkün deyil. Onda qərar verdim ki, müəyyən missiyam olmalıdır – mahnılarımla ürəkləri müalicə etmək. Həkim və musiqiçi olmaqla mən belə imkana malik ola bilərəm. Həkim üç metodla - söz, otlar və bıçaqla müalicə edə bilər.

- Siz birinci variantı seçdiniz?

- Bəli. Çünki düzgün istiqamət məhz o idi.



- Bəs xəstələri sözlərlə, mahnılarla müalicə etmək alınırmı?

- Bəli, alınır. Mən özümə qarşı çox tələbkaram. Buna görə də, çox oxuyuram, gitarada çalıram, vokal öyrənirəm. İndiyə qədər musiqiçi pedaqoqlarla məşğul oluram. Səsimlə hissləri tamaşaçılara necə çatdırmaqla bağlı onlardan məsləhətlər alıram. Ən vacibi odur ki, mahnıya təkcə səs deyil, ürək və canını qoymalısan.



- Belə anladım ki, sizin peşəkar fəaliyyətiniz tibbdir, musiqi sadəcə hobbidir?

- Başlanğıcda musiqi sadəcə hobbi idi, lakin zamanla həyat tərzinə çevrildi. Mahnılar mənim həyat tərzimdir.

- Heç incəsənət-terapiya ilə məşğul olmusunuz? İndi bu dəbdədir, demək olar ki, bütün incəsənət növlərində, hətta tibbdə istifadə olunur. Sizin tibbi təcrübənizdə incəsənət-terapiya olubmu?

- Xeyr, heç vaxt incəsənət-terapiya ilə xüsusi məşğul olmamışam. Amma bir dəfə mənə musiqi terapiyası keçirməklə bağlı təklif gəlmişdi. Musiqi fondundan bir qadın əməkdaş mənə yaxınlaşaraq reanimasiyada musiqi ifa etməyi xahiş etmişdi. Onlar bu üsulla xəstələrin müalicə prosesini müşahidə edəcəkdilər. Mən təklifi düşünəcəyimə söz verdim, amma həmin qadın nədənsə mənimlə əlaqə saxlamadı. Bilmirəm, həmin layihə alınmadı, yoxsa fikrini dəyişdi və ya başqa mütəxəssis dəvət etdi. Amma reanimasiyalarda belə sınağın keçirilməsinin tərəfdarı deyiləm.

- Vətəninizdə tez-tez konsertlər verirsiniz?
- Mən hər gün yaradıcılıq fəaliyyəti ilə məşğul oluram, konsertlər verirəm. Paralel olaraq həkim və musiqiçi işləyirəm.

- Bəs bütün bunları necə çatdırırsınız?
- Səhərlər mən həkimlik edirəm, axşamlar isə musiqiçi oluram. Bizim filarmoniya yalnız axşamlar işləyir.

- Çətin deyil ki? Yorulmursunuz?
- Hələ yorulmuram. Çox az - maksimum 5 saat yatıram. Mirey Matyenin söylədiyi kimi, çox yatmaq lazımdır, çünki bu, səsin olduğu kimi qalmasına yardım edir. Yalnız istirahət günlərində yuxumu alıram. Prinsip etibarilə Fellini də 4-5 saat yatırdı, eyni zamanda sonra öz filmlərində həyata keçirdiyi çox gözəl yuxular görürdü.

- Siz yuxuda nə görürsünüz?

- Bəzən musiqi mənim yuxuma girir. Bu, yəqin, musiqiləri özüm bəstələdiyim üçün belədir. Sözləri isə bəyəndiyim şairlərin şeirlərindən götürürəm. Əgər şeirdə xoşuma gəlməyən hissə varsa, onu çıxarıram və ya dəyişmək üçün şairlə məsləhətləşirəm. Belə olduqda şeir mənim süjetim, ideyam və fəlsəfəmə yaxın olur. Mənim əsərim hətta xəstəxanada müəyyən adrenalin verir, təəssürat yaradır. Həmin adrenalin bizə bütün gün lazımlıdır. Xatırlayıram, tətil vaxtı kəndə gedirdim, orada heç bir melodiya ağlıma gəlmirdi. Çünki tətil həyat deyil. Əgər sən yaratmaq, musiqi yazmaq istəyirsənsə, o həyatda doğulmalıdır. Avtomobildə, dostlarla söhbətdə, iş zamanı yaranmalıdır. Hətta fəvvarələrin yanında oturarkən mən onların nəğməsini eşidirəm.



- Siz yalnız öz mahnılarınızı ifa etdiyinizi dediniz. Bu sizin prinsipdir?
- Mən öz mahnılarıma musiqi yazıram, ancaq öz mahnılarımı ifa edirəm. Bundan başqa, xoşuma gələn fransız, ingilis, italyan, rus mahnılarını da oxuyuram. Amma dostlarımın mahnılarını ifa etmirəm.

- Niyə?
- Bəstəkar mahnıları onun ürəyindən gəlməlidir. Mahnının sözlərini dəyişməyə isə heç kəs icazə vermir. Əminəm ki, müəllif musiqini necə görürsə o cür də bəstələyir.

- Təcrübədə belə hadisələrə rast gəlinibmi, başqa ifaçıda həmin musiqi müəllifinkindən daha uğurlu alınıbmı?

- Bəli, belə hadisələr çox olub. Amma mən öz mahnılarımı yazmaq və kolleqalarımın mahnıları ilə deyil öz mahnılarım ilə təkmilləşmək istəyirəm. Əgər hansısa bir müəllif xoşuma gəlirsə, onu konsertimə dəvət edirəm və ona öz mahnısını, hətta duet ifa etməyi təklif edirəm.



- Sovet vaxtından belə bir ənənə yaranıb ki, müəllif mahnıları yalnız rus dilində ifa edilməlidir. Amma siz bu stereotipi öz ifanızla qırdınız. Siz həmçinin sübut etdiniz ki, müəllif mahnısı istənilən dildə gözəl səslənir...

- Azərbaycanda, həm də Litvada bəstəkar-ifaçılar vardır. Amma janrın adı başqadır, sizdə müəllif mahnısı, bizdə “Oxuyan poeziya” adlanır. Hər ilin oktyabrında bizim ölkədə “Bu, Mənəm” (ingiliscə “That`s me”) festivalı təşkil olunur. Təşkilatçılar festivala hər ölkədən bir iştirakçı dəvət edir. İspaniya, Fransa, Braziliya, Bolqariya, İtaliya və Rusiya demək olar ki, bu festivalda iştirak edir. Bütün iştirakçılar öz dilində oxuyur. Biz dil məhdudiyyəti qoymuruq. Rus dilinə gəldikdə, bu çox zəngin dildir. Bəstəkar mahnıları digər dillərə nisbətən rus dilində daha gözəl alınır. Bu dildə çox maraqlı ifadələr vardır, açığını desəm rus dilini çox bəyənirəm. Mənim iki mahnım festival üçün rus dilinə tərcümə olunub. Mahnımı rus dilində ifa etmək istəyirdim, tərcüməni çatdırmadılar. Çatdırmadığımı gördükdə, özüm rus dilində yazmağa başladım. Amma onları ifa etməmişəm. Bu yaxınlarda həmin mahnılardan birini oxumağa cəhd etdim, o bir az qalmaqallıdır. Mahnı cənubdan Litvaya oxumağa gələn bir tələbə haqqındadır. İncəsənət institutunda oxuyan tələbə incəsənət tarixi mühazirəsinə qulaq asır, lakin mühazirə ona olduqca maraqsız gəlir. Çünki o incəsənətin tarixini deyil, özünü öyrənməyə gəlib. Tələbə pəncərəyə baxır, ağaclarda qarıldayan qarğaları görür və düşünür: tezliklə qar yağacaq. Eyni zamanda, onun bütün həyatı bu incəsənət tarixi ilə bağlıdır. Bu mahnını tamaşaçıya çatdırmaq üçün bir az üzərində işləmək lazımdır.



- Sizin başqa dillərdə ifa etdiyiniz mahnılara toxunmaq istəyərdim. Co Dassenin mahnısı xüsusilə diqqətimi çəkdi.
- Açığını desəm, konsertdə mən Co Dassenin "A toi" mahnısını yalnız özü bəstələdiyi üçün oxudum. O, başqa müəlliflərdən də ifa edirdi. Hətta onlardan bəzilərini ingilis dilindən tərcümə edib. Onlardan ən məşhuru – orijinalda "Waterloo Road" olan "Les Champs Elysee" ingilis mahnısıdır.

- Sizin sözlərinizdən belə başa düşdüm ki, yalnız başqa bəstəkar-müğənnilərin mahnılarını ifa etmirsiniz.
- Bəli. Mən Frenk Sinatra, Jak Breyl, Nuqaro və Co Dassenin mahnılarını, həmçinin ispan, italyan və başqa dillərdə olan mahnıları oxuyuram.

- Azərbaycan dilində eksperiment aparmaq – oxumaq istəməzdiniz?
- Əgər yenə gəlsəm, onda oxuyaram. Amma bilmirəm, bu necə alınacaq? Bunun üçün uyğun mahnı tapmaq və onun üzərində çox işləmək lazımdır. Əgər mən Azərbaycan dilində mahnı ifa etsəm, onu hisslərimlə çatdırmalıyam.

- Neçə musiqi albomu buraxmısınız?
- Üç albom buraxmışam. 2007-ci ildə çıxardığımız birinci albom "Uzaqdan mahnı" adlanır. İkinci albom 2011-ci ildə "Şəhər uşağı" adı altında buraxılıb və festivala görə satışdadır. Sonuncu keçən il çıxıb. Bu, bütün dostlarıma və tamaşaçılara hədiyyə idi. Miladdan əvvəl buraxıldığı üçün albom "Milada qayıdacağam" adlanır. Hazırda fransız dilində öz mahnılarımdan ibarət yeni albom üzərində işləyirəm. Bu ay Kanadaya qastrola getməyə hazırlaşırdım, amma alınmadı. Bakını gördüyümə görə isə çox şadam. Kanadada baş tutmayan səfərə görə heyfsilənmirəm. Yeni bəstələr üzərində işləyirəm və hər gün bir saat studiyada oluram.

- Mahnılarınızda heç vaxt toxunmadığınız, özünüzün qadağan etdiyiniz mövzu varmı?
- Sosial mövzulara toxunmamağa çalışıram. Hesab edirəm ki, tibb və musiqi apolitik olmalıdır. Mən təbiətcə romantikəm və sevgi, hisslər haqqında oxumağı xoşlayıram. Buna görə də sosial və siyasi mövzulara toxunmamağa çalışıram.



- Hakimiyyətlə problemlərdən çəkinirsiniz?
- Xeyr, hakimiyyətlə problemlərdən qorxmuram. Ona görə ki, Litvada demokratiya və söz azadlığı mövcuddur. Bəlkə də problem yoxdur, ona görə bu mövzularda ifa etmək istəmirəm. Mənim məqsədim başqadır - musiqim müalicə etməli və pozitiv aura bəxş etməlidir.

- Bakı haqqında təəssüratlarınızı bilmək olar?
- Mən bir çox ölkələrdə olmuşam. Bakıdan nə deyə bilərəm? Şəhərin bir ucu Yaşıl Burun adalarına, digər, "Jiquli”lər çox olan ucu Kubaya oxşayır. Şəhərin mərkəzi yalnız böyük binalar, mehmanxanalar və kazino yerləşən Çinin Makao adasına bənzəyir.

- Gəlməmişdən qabaq Azərbaycan haqqında nə bilirdiniz?
- 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsində Donni Montellanın iştirakından sonra Bakı haqqında şayiələr yayılmağa başlayıb. Bunların şayiə olduğunu mən Bakıya gələndən sonra gördüm. Sanki fantastik filmdən canlı kadrlara baxırdım. Şəhər elə gözəldir ki, hətta ən yaxşı rejissor bu cür fikirləşə bilməz. Bu cür arxitektura, işıqlandırma gözəllikdir - canlı Hollivuddur.

Sevda Babayeva




Teqlər:  





Xəbər lenti