Gəncədə soyqırımla bağlı konsert-rekviem keçirilib - Video

Gəncədə soyqırımla bağlı konsert-rekviem keçirilib - Video
  31 Mart 2018    Oxunub:1407
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbir 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev 100 il əvvəl baş vermiş soyqırımının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək qeyd edib ki, Bakıda, Gəncədə, Qubada, Şamaxıda və Azərbaycanın digər ərazilərində minlərlə insanın soyqırımı Sovetlər İttifaqı dövründə təhrif edilərək vətəndaş müharibəsi kimi qələmə verilib.



“Tarixi həqiqətlər yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üzə çıxarılıb. 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycanın müstəqillik əldə etməsi xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yenidən yaratmağa imkan verir. Keçmişi qiymətləndirməyə əsaslanan bu Fərmanla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyasının vacibliyini bir daha xatırlatmaq istəyirəm.



Kampaniya çərçivəsində dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılmaqla real nəticələrə nail olunub. Hazırkı dövrdə müharibələr təkcə döyüş meydanında deyil, insanların şüurunda və qəlbində aparılır. Ona görə də hər bir Azərbaycanlının vəzifəsi dünya ictimaiyyətinə Azərbaycan xalqına qarşı törədilən soyqırımı haqqında həqiqətləri yorulmadan çatdırmaqdır”, - deyə deputat sözlərinə əlavə edib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konsert-rekviemdə Gəncə Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub.




AzVision.az


Teqlər:





Xəbər lenti