Cəmil Həsənlinin missiyası

Cəmil Həsənlinin missiyası
  30 Sentyabr 2013    Oxunub:1194
Vüsal Məmmədov

Milli Şuranın namizədi Cəmil Həsənlinin debatlardakı çxışlarını izləyənlər, yəqin, bir məqamı, daha doğrusu, xətti tutmamış deyillər: o, ancaq və yalnız, ardıcıl və məqsədli şəkildə prezident İlham Əliyevi hədəf götürür. Ətrafını və komandasını da yox, şəxsən özünü və ailəsini.
Həsənli öz təşviqat vaxtı ərzində nə seçiciyə vəd verir, nə platforma açıqlayır, nə hakmiyyətin ümumi qüsurlarından və buraxdığı səhvlərdən danışır... Bir sözlə, normal halda bir namizədin etməli olduğu heç nəyi etmir; əvəzində ancaq dövlət başçısı tərəfə palçıq atır.

Əslində mahiyyətcə Cəmil Həsənli yeni və fərqli heç nə demir. Son 4-5 ildə xarci mətbuatda dövlət başçısı ilə bağlı dərc olunan və yerli müxalif jurnalistlər tərəfindən kopyalanan, çayxana söhbətlərinə rəvac verən bəzi sifarişli kompromat xarakterli materialları təkrarlayır, vəssalam. O materialları ki, ayrı-ayrı gərgin və məsuliyyətli məqamlarda Azərbaycan hakimiyyətinə və şəxsən prezidentə təzyiq etmək üçün Qərbin müxtəlif çevrələri təşkil etmişdilər.

İndi Cəmil Həsənli öz təşviqat vaxtında sanki son 4-5 ilin kompromat icmalını təqdim edir. Niyə? Bu, axı, nə təbliğatdır, nə də təşviqat. Milli Şura eyni uğurla məsələn, həmin materialları Azərbaycan dilinə tərcümə edən Xədicə İsmayılı da vahid namizəd seçə bilərdi və o da təxminən Cəmil Həsnlinin dediklərini deyəcəkdi.

Həsənlinin çıxışlarına qulaq asanda belə bir təəssürat yaranır ki, hətta uzaq qalaktikada iki ulduz toqquşubsa, Keniyada qaçaqmalçılar növbəti gərgədanın buynuzunu qanunsuz olaraq kəsiblərsə, bunun da günahı İlham Əliyevdədir. O, hər şeyin məsuliyyətini ancaq prezidentin üstünə yıxır. Əgər bu söhbəti hansısa ucqar kənddə bisavad bir müxalifətçi etsəydi, anlamaq olardı, amma Cəmil Həsənli nəzəri cəhətdən ağıllı insandır və gözəl bilir ki, idarəçilik sistemi nədir, necə qurulur, necə işləyir; yaxşı məlumatı var ki, dövlət idarəçiliyində mövcud olan bütün qüsurları bir nəfərin üstünə yıxmaq demoqogiyadan başqa heç nə deyil. Həm də vaxtı keçmiş demoqogiyadır.

Elə isə niyə bunu bilə-bilə Cəmil Həsənlinin bütün çıxışlarının ancaq bir hədəfi var, o da İlham Əliyevdir? Çox sadə: o, debatlara bu missiya ilə göndərilib: dövlət başçısına çirkab atmaq, vaxtilə radikal mətbuatda gedən kompromatları bir daha təkrarlamaq. Bu, radikal müxalifət üçün maksimum hədəfdir, bundan başqa nəyəsə heç özləri də ümid etmirlər. Onlara 1 saatlıq efir vaxtı ancaq bunun üçün lazımdır.

Yanaşma budur ki, onsuz da rəqibə qalib gələ biməyəcəksən, heç olmasa, çamur at! Rəqib futbolçunun qabağını kəsə bilmirsənsə, barı maykasından yapış, badalaq ver. Cəmil Həsənlinin şəxsində Milli Şuranın etdiyi budur. Onlar topu yox, oyunçunu vururlar.

Bu, təbii ki, əvvəlcədən düşünülmüş strategiyadır. Və onu düşünən Cəmil Həsənli ilə Milli Şuradakılar deyil. O dairələr ki, vaxtilə həmin `kompromat`ları istehsal eləyib, mətbuata çıxmasının qayğısına qalmışdılar, indi də efirdən səslənməsində əlləri yəqin ki, var.

Savadlı və elmi tənqid ortaya rəqəmlər qoymağı, onların vasitəsilə dövlət idarəçiliyində buraxılmış qüsurları göstərməyi tələb edərdi. Amma istənilən bir rəqəm, fakt son 10 ildəki idarəçiliyin effektili olduğunu ortaya qoyacağından, radikallar bu yoldan qaçırlar. Ya da `rəqəmli demoqagiya`ya gedirlər – məsələn, `Son 10 ildə 10 metr torpaq azad olunmayıbsa, siz Qarabağ üçün nə etmisiniz` kimi bəyanatlar səsləndirilir. Maraqlıdır, nə vaxtdan diplomatiya və ordu quruculuğu metrlərlə ölçülməyə başlayıb?!


Teqlər:  





Xəbər lenti