Prezident və xanımı açılışda FOTO, YENİLƏNİB

Prezident və xanımı açılışda FOTO, YENİLƏNİB
  28 Sentyabr 2013    Oxunub:3286
Bu gün Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan Prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir.

Bildirildi ki, Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaqdır.

Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak etdi.
Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı. Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlandı.

Qalereya




Teqlər:  





Xəbər lenti