Demokratiya modellərinin toqquşması – I yazı

Demokratiya modellərinin toqquşması – I yazı
  26 Sentyabr 2013    Oxunub:1487
Sahil İsgəndərov

Təkamül prosesində bəşəriyyət daim elə bir cəmiyyətin yaradılmasına can atıb ki, orada hakimiyyətlə vətəndaşlar, habelə çoxluqla azlıq arasındakı qarşılıqlı münasibətlərdə harmoniyanı təmin etmək mümkün olsun. Son nəticədə demokratiya (xalq hakimiyyəti) siyasi rejimi şəklində belə bir ortaq məxrəc tapıldı.
Demokratiyanın kökündə hər hansı bir prosesin nəticəsinə bütövlükdə və ya onun əsas mərhələlərinə təsir edən qərarların kollektiv şəkildə qəbul olunması metodu dayanır. Çox uzun müddət ərzində birbaşa demokratiya əsas model kimi qəbul olunub. Bu siyasi rejimdə konsensus və ya azlığın çoxluğa tabe olması qaydasının tətbiq edilməsi yolu ilə vətəndaşlar öz qərar qəbul etmək hüquqlarını həyata keçirirlər.

XVIII əsrdən başlayaraq, plebissitar demokratiya modeli hakim mövqeyə yiyələndi. Bilavasitə xalqın iradəsinin izhar olunmasını nəzərdə tutan bu demokratiya modelində, xalqın hakimiyyətə təsiri “bəyənilsin və ya rədd edilsin” mexanizmi ilə məhdudlaşdırılır. Plebissitar demokratiyaya görə, böyük sayda əhaliyə və qədim yunan polisləri (şəhər-dövlətlər) ilə müqayisədə nəhəng ərazilərə malik olan müasir ölkələrdə xalq hakimiyyətinin antik (qədim) modeli tətbiq oluna bilməz. Bununla bahəm dövlətin sosial-iqtisadi və siyasi inkişafı sahələrində bütün vacib qərarların qəbul olunmasına vətəndaşların öz münasibətini bildirməsi üçün müxtəlif üsullardan (referendumlar, ümumxalq sorğuları və s.) istifadə edilir. Beləliklə, plebissitar demokratiya elə bir xalq hakimiyyəti modelidir ki, burada birbaşa demokratiyadan fərqli olaraq, vətəndaşların siyasi təsir imkanları nisbətən məhduddur.

Vətəndaşlara adətən hökumət, siyasi partiya və ya təşəbbüs qrupu tərəfindən hazırlanmış bu və ya digər qanun layihəsini və ya qərarı səsvermə yolu ilə qəbul və ya inkar etmək hüququ verilir. Başqa sözlə, qanuna hörmətlə yanaşmalı olan hər bir vətəndaş, öz münasibətini bildirməklə, onalrı qəbul və ya rədd edə bilər. Hakimiyyət birbaşa seçkilər yolu ilə formalaşdırlır, seçkili vəzifələrə namizədlər isə əhalinin müxtəlif təbəqələrinin və sosial qruplarının maraqlarını təmsil edən siyasi partiyalar tərəfindən irəli sürülürlər. Bu zaman azlığın maraqları razılaşdırılmış xüsusi qaydalar çərçivəsində nəzərə alınır və qanunla müdafiə olunur.

Bu gün əksər ölkələrdə xalq hakimiyyəti anlayışı vaxtaşırı şəffaf ümumxalq seçkilərinin keçirilməsi ilə yanaşı, qanunun aliliyini, hakimiyyətin bölüşdürülməsini, müəyyən fərdlərin və ya qrupların azadlığına təminat verilməsi yolu ilə çoxluğun hakimiyyətinin konstitusion məhdudiyyətini nəzərdə tutan liberal-demokratiya ilə eyniləşdirilir. Bu zaman çoxluğun diktaturasına yol verməmək üçün azlığı çoxluğun istibdadından qoruyan və bununla belə demokratiyaya zidd olmayan müəyyən əlavə tənzimləyici sistemin yaradılması təklif edilir.

Beləliklə, demokratiyanın dayanıqlığı birbaşa fərdlərarası etimad, qeyri-populyar qruplara münasibətdə dözümlülük, vətəndaş azadlıqlarının dəstəklənməsi və əhalinin siyasi fəallığı ilə şərtləndirilir. Və heç bir çoxluq istənilən azlıq qrupunu və ya ayrıca fərdi əsas hüquqları və azadlıqlarından mərhum edə bilməz.

Azlıqların hüquqlarını müdafiə edən liberal-demokratiya tərəfdarlarının ən geniş yayılmış arqumentlərindən biri: “eyni cür düşünən çoxluqdan qorxun, çünki aqressiv çoxluq daha yaxşı olan azlığa qalib gələ bilər” şüarıdır. Hazırda hər bir ölkədə milli və ya etnik, dini, dil, seksual və s. azlıqlar mövcuddur.

Demokratik cəmiyyətdə əhalinin digər hissəsi ilə birgə həyatın ictimai, sosial, iqtisadi, mədəni və dini sferalarında fəal iştiraka can atan bu azlıqlara qarşı ayrı-seçkilik siyasətinin aparılması barədə söhbət gedə bilməz. Lakin, eyni cür düşünən çoxluqla müqayisədə azlığın daim daha yaxşı olması barədə səsləndirilən birmənalı fikir çox mübahisəlidir. Hərçənd, ədalət naminə qeyd etmək lazımdır ki, bir çox hallarda protest əhval-ruhiyyəli azlıq cəmiyyətlərdə proqressiv xarakterli dəyişikliklərin hərəkətverici qüvvəsi rolunda çıxış edir. Bununla belə, tarixi təcrübədən görünür ki, istənilən azlığı və ya azlıqların təmsilçilərini özlüyündə konstruktiv elementlərə, onların təkilflərini isə mahiyyət etibarilə konstruktiv yanaşmaya aid etmək sadəlöhvlükdür. Niyəsi haqqında növbəti yazıda.




Teqlər:  





Xəbər lenti