Sığortaolunanların sayı 4 milyona çatır

Sığortaolunanların sayı 4 milyona çatır
  19 Dekabr 2017    Oxunub:1218
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 min 663 nəfərə fərdi şəxsi hesab açılıb. Beləliklə, bu il dekabrın 1-nə qədər sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 milyon 559 min 220 nəfərə çatıb və bu, ötən ilin müvafiq dövrü müqayisədə 206 min 237 nəfər və ya 6,15 faiz çoxdur.

Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən fərdi uçot sistemi qanunvericiliyə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunana uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi hesab açır və bununla da vətəndaşlar fərdi şəxsi hesablarında pensiya kapitalı toplamaq imkanı əldə edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə etməklə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə mütəmadi şəkildə məlumat öyrənə bilirlər.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti