ABŞ nümayəndə heyətinin Bakıya gəlməməsinin sirri

ABŞ nümayəndə heyətinin Bakıya gəlməməsinin sirri
  10 Sentyabr 2013    Oxunub:1227
Azərbaycan Tomas Melianı persona-non-qrata elan etdi
“Azadlıq” radiosu Azərbaycan xidmətinin ABŞ səfirliyinə istinadən verdiyi bir xəbər Bakının seçkiqabağı tutqun səmasında ildırım effekti doğurdu. Xəbərdə deyilirdi ki, ABŞ-ın yüksək rütbəli məmurlardından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salınır. Radionun verdiyi xəbərə görə, bunun səbəbi çox bayağıdır - Amerika nümayəndə heyətini Bakıda sadəcə olaraq seçkidən dərhal sonra qəbul etmək istəyiblər.

Ekspertlərin nəzəri dərhal ABŞ dövlət katibinin müavininin köməkçisinin müavini Tomas Meliaya yönəldi. T.Melia Azərbaycanın müxalifət mətbuatında böyük adam kimi göstərilib. Onu dövlət katibi Con Kerrinin müavini kimi təqdim ediblər. Məhz onun Bakıya gözlənilən səfəri bütün Azərbaycan mətbuatında geniş şəkildə anons edildi. Bildirilirdi ki, Dövlət Departamenti seçkiqabağı vəziyyətlə T.Melianın simasında tanış olmağa hazırlaşır.

Bəs ən son məqamda nə baş verdi? Axı T.Melia Dövlət Departamentindəki yüksək posta oturandan bəri (bu isə uzun müddətdir) Azərbaycana tez-tez gəlib, həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşüb, vəziyyətə dair müfəssəl şərhlər verib, siaysi proses iştirakçılarına təkliflər ünvanlayıb.

ABŞ-dan gələcək nüfuzlu nümayəndə heyətinin çoxdan gözlənilən səfərinin təxirə salınması müxalifət düşərgəsində də anlaşılmazlıq doğurdu. Çünki indiki hakimiyyətin rəqibləri T.Melianın Bakıya səfərinə müəyyən ümidlər bəsləyirdilər. Axı T.Melia Dövlət Departamentinin Əliyev hökumətinə qarşı çox radikal mövqe tutan məmurlarından biridir. Və, o, bunu gizlətmir də. Onun qəfil və kəskin addımını - Bakıya sonuncu səfəri zamanı “Turan” agentliyinə qalmaqallı müsahibəsini yada salmaq kifayətdir. T.Melia İlham Əliyevlə görüşdən dərhal sonra jurnalistlərlə görüşərkən prezidentin namizədliyini üçüncü dəfə irəli sürməsini “qırmızı xətti keçmək” kimi qiymətləndirmişdi. Guya Əliyev bütün xəttləri keçibmiş!

T.Melianın bu ultimativ bəyanatı elə səhərisi gün diplomatik qalmaqal yaratdı. ABŞ səfirliyi məmurun bu səhlənkarlığının (bəlkə də belə deyildi!) ağır nəticələrini aradan qaldırmaq üçün xeyli əlləşməli oldu. T.Melinaın bəyanatına ultimativ rəng verən həmin qalmaqallı cümlə bütün saytlardakı mətndən çıxarıldı.

Sözümüz yoxdur, bu, diplomatik istedadın göstəricisi idi. Axı T.Melia Bakıya ilk növbədə Milli Demokratiya İnstitutunun yerli nümayəndəliyi məsələsi ətrafında yaranmış problemi həll eləməyə gəlmişdi. Və bundan dərhal sonra belə bir bəyanat vermək nəinki özünün-özünə zərbə vurmağı, həm də iki müttəfiq ölkə arasındakı strateji tərəfdaşlığı təhlükə altına almaq demək idi.

Lakin məsələ təkcə bu səhlənkarlıqda da deyildi. Səfirliyin əməkdaşları onun nəticələrini zorla aradan qaldırıb vəziyyəti birtəhər düzəltdilər. Amma onun izləri qaldı...

ABŞ səfirliyi Amerikanın “problemli demokratiya” ölkələrində yürütdüyü xarici siyasət xəttinin ruhuna cavab verən ənənənin əsasını qoydu. ABŞ-ın yüksək rütbəli məmurlarının səfərləri zamanı onlar bir qayda olaraq həm hakimiyyətin, həm də müxalifətin və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirirlər. Müxalif partiyaların əsas liderlərinin də qatıldığı belə görüşlərin artıq formatı da işlənib hazırlanıb. Məlum olduğu kimi, azərbaycanlı müxalifətçilərin əksəriyyəti iki cəbhəyə işləyirlər - onlar üzdə guya demokratiyaya xidmət edirlər, lakin eyni zamanda hakimiyyətlə və xüsusi xidmət orqanları ilə də sıx əməkdaşlıq edirlər. Xarici diplomatlarla hər görüşdə müzakirə olunan məsələlər, edilən söhbətlərin tam stenoqram mətni bu görüşdən dərhal sonra ölkənin siyasi rəhbərliyinin masası üzərinə qoyulur. Bəzi müxalifətçilər T.Melianın Bakı səfərinin təxirə salınmasının səbəblərini təhlil edərkən belə qənaətə gəliblər ki, səfərin ertələnməsinin səbəbi ABŞ səfirliyində müxalifətçilərlə görüşdən sonra Əliyev administrasiyasına ötürülən informasiya ilə bağlıdır. Əliyev hakimiyyəti aparıcı müxalifət partiyalarının daxilində effektli bir agentura şəbəkəsi yarada bilib. Bu şəbəkə T.Melianın müxalifətlə görüşlərindəki sərt ritorikasını hakimiyyətə ötürür.

Bundan sonra cənab İlham Əliyevə hansı göstərişləri verəcəksiniz, ondan nə təəb edəcəksiniz? T.Melia onunla görüşdə bir şeydən danışır, ABŞ səfirliyi isə tamamilə əksini deyir. Və bütün bunlar Prezident Administrasiyasındakı müzakirələrdən cəmisi bir neçə saat sonra baş verir. Aydın məsələdir ki, dil diplomata öz fikirlərini gizlətmək üçün verilib. Amma T.Melia harada daha səmimi idi: Əliyevin kabinetində, yoxsa MTN və DİN agentlərini qəbul elədiyi kabinetdə? Əliyev hakimiyyəti indi bunun üstündə baş sındırır.

Cənab Usubovla yoldaş Mahmudovun bu agentura şəbəkəsi T.Melia ilə görüşdə özünü şişirdərək ona insan haqlarının pozulmasından danışır, ABŞ dəniz desantını Bakı bulvarına çıxarmağa çağırır, T.Melianın İ.Əliyevin adı gələndə “ironiya ilə gülməyinin” və donquldanmağının sayını öz bloknotuna qeyd edir. Sonra da agentlər hava qaralandan sonra gizli mənzillərə gedərək öz kuratorlarına “amerikalı məmurların ölkəmizə dərin nifrət hissindən” və “azərbaycanlılara kimyəvi hücum niyyətində olmasından” danışırlar. Təsəvvür edin ki, cənab Obama, Olland və xanım Merkel belə bir vəziyyətlə üzləşib? Əgər xarici bir diplomat ölkənin liderinə qarşı aşkar hörmətsizlik etsə, o liderlərin buna reaksiyası necə olardı?

Müxalifətdəki mənbələrin bildirir ki, hakimiyyət T.Melianın müxalifətçilərlə görüşlərdə səsləndirdiyi fikirlərə görə narazılığını Vaşinqtondakı tərəfdaşlarının nəzərinə çatdırıb. Rəsmi Bakı açıq şəkildə işarə vurub ki, T.Melinaın belə fəaliyyəti böyük və görünməmiş diplomatik qalmaqala səbəb ola və tərəfdaşlıq münasibətlərini ciddi şəkildə zədələyə bilər. Görünən budur ki, T.Melia rəsmi Bakı tərəfindən persona-non-qrata elan olunub.

Belə görünür ki, Azərbaycan hakimiyyətinin narazılığı “Vaşinqton Politbürosu” tərəfindən diqqətə alınıb deyə o, “Sov.İKP MK təlimatçısı”nın Bakı səfərini təxirə salıb. Avantürist inqilabçı Aleks Qriqoryevs məsələsində olduğu kimi, Dövlət Departamentində bu dəfə də başa düşüblər ki, Azərbaycandakı polis agenturasının siyasi ambisiyalarına və xırda Vaşinqton kargüzarlarının şəxsi nifrət-ədavət hissinə uyub Bakı ilə müttəfiqlik münasibətlərini riskə atmağa dəyməz. İllah da ona görə ki, bu səfər və əldəqayırma vətəndaş cəmiyyəti sektoru nümayəndələri ilə görüşlər onsuz da istənilən nəticəni verməyəcəkdi.

Əlbəttə, T.Melia Bakıda sürüşdü, çünki qırmızı xətti keçmişdi. Təcrübəli amerikalı diplomatların heç biri, ilk növbədə isə ABŞ xarici siyasətinin Yupiteri, səfir Riçard Morninqstar belə şey eləməzdi, bunu özünə rəva bilməzdi. Lakin burada hamıdan çox itirənlər ikili agentlər - “çarın mühafizəsinə, alınsa, həm də inqilaba işlə” deyən Azefin həyat tərzini özünə mübarizə üsulu seçmiş bizim qaragünlü müxalifətçilər oldu. Bu dəfə isə çarın mühafizə xidmətinin bəxti gətirmədi...

virtualaz.org


Teqlər:  





Xəbər lenti