Prezident atəş açdı

Prezident atəş açdı
  28 Fevral 2013    Oxunub:5702
Prezident İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev dövlətimizin başçısına məlumat verib ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılan Qəbələ atıcılıq klubunun birinci mərhələsinin inşası tam başa çatdırılıb.

Bildirilib ki, 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunub. Klubun ərazisində abadlaşdırılma işləri aparılmış, yaşıllıq salınmış, müasir işıqlandırma sistemi, əlavə generator quraşdırılmış və qazanxana inşa olunub.

Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılıb. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərəcəkdir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaqlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilib. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaqdır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılıb. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib.

Prezident İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.

Prezident İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirib, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Bundan sonra Prezident İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, köhnə mədəniyyət evi sökülərək yerində texniki və estetik tələblərə cavab verən müasir memarlıq üslubunda çoxfunksiyalı monumental mədəniyyət mərkəzi inşa olunub. “EL.N Layihə, Tikinti, Dizayn” şirkətinin memarlarından, dizaynerlərindən və layihəçilərindən ibarət yaradıcı qrupun və inşaatçıların birgə əməyi nəticəsində ərsəyə gələn, füsunkar təbiət mənzərəsi ilə harmoniya təşkil edən gözəl memarlıq nümunəsi yaradılıb.

Bildirildi ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf landşaftla ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunub. Genişliyi və müasirliyi ilə diqqəti cəlb edən binanın foyesində mərkəzin hazırkı görkəmini əks etdirən maketləri də vardır. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılıb.

Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.
Diqqətə çatdırılıb ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Burada xüsusi qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılmış, su anbarı tikilib. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılıb.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirib.




Teqlər:  





Xəbər lenti