Ukrayna ağır seçim qarşısında – TƏHLİL

Ukrayna ağır seçim qarşısında – TƏHLİL
  31 Avqust 2013    Oxunub:1875
Ukrayna yenə də çəkiclə zindanın arasında qalıb. Noyabr ayında Avropa Birliyinin Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvəsində Ukrayna ilə assosiativ üzvlük və azad ticarət haqqında anlaşma imzalanmalıdır. Amma bunun baş verməməsi üçün Rusiya indidən Ukraynaya ciddi təzyiqlər göstərməyə başlayıb.
Mediada “ticarət müharibəsi” adını alan bu təzyiqlərdə ilk ciddi addımlarından biri avqusun ortalarında Ukrayna-Rusiya sərhədinin bağlanması oldu. Əvvəlcə Ukraynanın Avropa Birliyinə inteqrasiyasının tərəfdarı olan “şokolad kralı” Pyotr Poroşenkoya məxsus “Roşen” şirniyyat firmasının məhsulları Rusiyaya buraxılmadı. Daha sonra prezident Yanukoviçin yaxın adamı sayılan digər ukraynalı oliqarx Rinat Ahmedovun Rusiyaya ixrac etdiyi 28 min ton dəmir sərhəddə ilişdirildi.

Nəzərə alsaq ki, Ukraynaın ixracatının ¼ hissəsi Rusiyaya yönəlib, bu cür blokada bir qədər də davam etsə, ölkənin iqtisadiyyatı çox ağır zərbə ala bilər. Amma ruslar bir həftəlik əməli xəbərdarlıqdan sonra sərhədi açdılar və nə istədiklərini açıq şəkildə söylədilər.

- Avropa Birliyinə assosiativ üzv olacağı təqdirdə Ukrayna suverenliyinin bir hissəsini də Brüsselə verəcək, faktik olaraq beynəlxalq hüququn subyekti olmaqdan çıxacaq və daha Rusiyanın strateji müttəfiqi də sayılmayacaq. – deyə Rusiya Prezidentinin müşaviri Sergey Qlazyev bildirib.- Əgər Ukrayna Avropa Birliyi ilə Azad Ticarət Zonası yaradarsa, bu halda Avrasiya Birliyinin iqtisadi komissiyası Ukrayna ilə azad ticarət rejiminin ləğvi məsələsinə baxacaq. Bundan başqa, Ukrayna Gömrük Birliyinin də üzvü ola bilməyəcək və bu qurumdakı müşahidəçi statusunu da itirəcək.

Bundan sonra nələrin baş verəcəyini bilmək isə çətin deyil. Qabaqdan qış gəlir və Rusiya Ukraynaya onsuz da baha qiymətə satdığı qazı tamamilə dayandıra bilər. Bunu anlayan Ukrayna hökuməti indidən Şərqi Avropada kimdən qaz ala biləcəyi axtarışına çıxıb. Amma bunun uğursuz cəhd olması bəri başdan aydındır. Yox, əgər yenidən Rusiya qazını almaq istəsə, rəsmi Kiyev ölkənin qaz paylama şəbəkəsinin səhmlərinin yarısını “Qazprom”a satmalıdır. Prezident Yanoviç bu təklifi “alçaldıcı” adlandırıb və deyib ki, ölkəni alverə çıxara bilməzlər.

Yəqin ki, noyabra qədər Rusiya Ukraynaya təzyiqlərini daha da artıracaq. Çünki Kiyevin Avropa Birliyi ilə Azad Ticarət zonasına qoşulması təkcə iqtisadi yox, ilk növbədə geosiyasi məsələdir və Moskvanın Ukraynanı da itirməsi anlamına gəlir. Məşhur politoiloq, Amerika prezidentlərinin müşaviri olmuş Zbiqnev Bzejinskinin sözlərinə görə, bu, baş verərsə, Rusiya özünün imperiya iddialarını da itirəcək və adi dövlətə çevriləcək.

Amma Ukrayna Avropa Birliyi üçün də vacib dövlətdir. Hər şeydən əlavə, Brüssel onu itirərsə, “Şərq tərəfdaşılığı” proqramının da mənası qalmayacaq. Qazanacağı təqdirdə isə Avropa məkanı Şərqə tərəf xeyli genişlənəcək və Rusiya ilə Avropanın arasında güclü bufer zona yaranacaq. Ona görə də, Rusiya ilə qarşıdurmada Brüssel açıq şəkildə Ukraynanın tərəfində durur. Avropa Parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Elmar Brokun sözlərinə görə, onlar Ukraynanın müdafiəsinə qalxmalıdırlar: “Rusiya öz qonşularına, ilk növbədə də Ukraynaya qarşı siyasi silahlardan istifadə edir. Bu, Azad Avropada yolverilməz haldır. Kiyevlə ticarət müharibəsinə başlamaqla Moskva Helsinki aktını, beynəlxalq hüququn prinsiplərini və anlaşmaları pozub. O, Ukraynanın azad seçim hüququnu əlindən alır”.

Avropa Birliyinin Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin rəhbəri Ketrin Eşton da deyib ki, “Biz Ukraynanı itirə bilmərik”.
İndi əsas sual budur ki, Rusiya Ukraynanı öz orbitində saxlamaq üçün etdiyi təzyiqlərdə nə qədər irəliyə getməyə hazırdır? Yəqin ki, kifayət qədər. Çünki Ukraynanı itirmək müasir Rusiyanın bütün geosiyasi layihələrinin iflası demək olacaq. Bu isə Moskva üçün həddindən artıq ağır zərbədir.

Maraqlıdır ki, Rusiya bu təzyiqləri təkcə Ukraynaya yox, özünə daha yaxın olan slavyan qonşusu Belorusa da göstərir. Rusiya baş nazirinin birinci müavini Arkadi Dvorkoviç bəyan edib ki, Belorusa göndərilən neftin həcmi azaldılacaq, onun ixrac etdiyi gübrələr ciddi şəkildə yoxlanılacaq, üstəlik, Avrasiya Birliyinin Minskə kredit verməsi də sual altında qalacaq. Bu isə onu göstərir ki, Rusiyanın artıq hövsələsi tükənib və özünün nüfuz dairəsində hesab etdiyi dövlətlərlə kobud oyun oynamağa başlayıb.

Görünür, vəziyyətin ciddiliyini anladığındandır ki, Moskva son vaxtlarda Ermənistan, Moldova və Belorusa da təzyiqlərini artırmağa başlayır. Yəqin, həm də profilaktika üçün.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti