Mirşahinin xanımı: `Yasaqları mən özüm qoyuram” - MÜSAHİBƏ

Mirşahinin xanımı: `Yasaqları mən özüm qoyuram” - MÜSAHİBƏ
  29 Avqust 2013    Oxunub:14542
“Azvision.az”-ın budəfəki qonağı tanınmış telejurnalist, ANS-in “Xəbərçi” proqramının aparıcısı Səbinə Ağayevadır.
- Jurnalistikaya nə vaxt, necə başladınız?

- Necə deyərlər, adicə bir statistika xırdalığıdır. 2005- ci ildən. Amma bu, həm də mənim özəl tariximin ən mühüm hadisələrindən biridi. Pafosla desəm, jurnalistika öz geniş qapılarını mənim üzümə açdı.

- Ali təhsilli tarixçisiniz, niyə birbaşa jurnalistikanı seçmədiniz?

- O vaxt bir qədər fərqli idi. İxtisasları yazıb sonra imtahan verirdin. Kodlaşdırmada əvvəlcə Tarix fakultəsini yazdığıma görə ora qəbul oldum. Amma jurnalistikaya olan həvəsim keçmədi. Həm də özümü onunla sakitləşdirdim ki, Jurnalistika və Tarix bir-birinə məzmunca çox yaxındır. Sabahın tarixi bu günün jurnalistlərinin yazdıqlarına əsaslanır. Bu baxımdan tarixçilər də elə hardasa bir az jurnalistdirlər.

- Necə oldu ki, ANS-ə gəldiniz?

- Fidan Quliyevanın vasitəsilə ANS-in Jurnalistika akademiyasına qəbul oldum. Seçilən tələbələrdən biri kimi məni ANS-də işə götürdülər. Mir Şahin bəy də bəyəndi.

- ”İç Xəbər”dən niyə getdiniz?

- “İç Xəbər” də 7 il işləmişəm. Onda layihəyə Fidan Quliyeva rəhbərlik edirdi. Daha sonra İlqar Mikayıloğlu , ardınca isə Ləman Əliəşrəfqızı ilə işlədim. Mən tək “İç Xəbər” verilişində yox, “Növbətçi”, “Salam, Azərbaycan” və “Hesabat” verilişlərinə də materiallar hazırlamışam. Sonradan rəhbərlik məni “Xəbərçi” verilişinə təyin etdi. Bu, adi bir yerdəyişmə deyildi: məndən ötrü artım idi, inkişaf idi, özünütəsdiq idi. İnanmıram ki, ANS-də informasiya ilə işləyənlər arasında nə vaxtsa əfsanəvi “Xəbərçi”də reportajının getməsini arzulamayan olsun. Mən də öz arzuma çatdım. Mənə tapşırılan bu çətin işin öhdəsindən gəlməyə çalışıram.

- “İç Xəbər” layihəsi çərçivəsində insanlara göstərdiyiniz ən böyük kömək hansı olub?

- “ İç Xəbər” elə bir layihədir ki, bura müraciət edən 10 şikayətçidən 8-nin problemi həll olunur. Mən isə “İç Xəbər”də gözdən əlil olan bir şikayətçinin taleyi ilə bağlı reportaj hazırlamışdım. 10 yaşında oğlan idi. Gözləri görmürdü. Çəkilişdən sonra ona maddi yardım edərək İrana əməliyyata apardılar və gözləri açıldı. Başqa problemlilər də olub. Amma nədənsə mənim yadıma həmişə əvvəl bu düşür. Görünür sağlamlıq daha önəmli olduğundan...

- Həyat yoldaşınız ölkədə tanınmış telejurnalist, teleşirkətin vitse-prezidentidir. Belə çıxır ki, işdə məhəbbət macərası yaşamısınız?

- Şəxsi həyatım, ailəm haqda məlumat verməyi sevmirəm.

- İşdə rəhbər kimi evdə həyat yoldaşı kimi necədir? İş yerində güzəştlər olur buna görə?

- Doğrudu, işin də, ailənin də öz yeri var. Amma bəzən iş ab-havası evə də gəlib çıxır. Güzəştlərə gəlincə, ANS-də güzəşt yalnız yeni fəaliyyətə başlayanlara olur, o da staj müddətində. Bu müddət isə çox qısa olur, uzağı iki-üç ay. Güzəşt də klassik mənada omur, yəni hamı başa düşür ki, təzə işçilərdir, yazı, texniki vərdişlərlə bağlı müəyyən problemlər yarana bilər, buna görə dözümlü olmaq lazım gəlir. Sonra hamıya eyni tələbkarlıqla yanaşılır. Mən də istisna olmamışam. İndi isə əksinə, çalışıram ki, başqalarından geri qalmayım.

- Qəfildən ailə qurmağınız səs-küy yaratmadı ki?

- Bəzi mətbuat vasitələrini istisna etsək, yox...

- Yüksək əməkhaqqı ilə təklif gəlsə başqa televiziyaya keçərsiniz?

- Jurnalist qazanacağı pulu yox, məncə hazırlayacağı reportajı və aparacağı verilişi fikirləşməlidir. Onda yüksək maaş da olur vəzifə də, peşəkarlıq da...Amma ona əminəm ki bu gün televiziyalar içərisində ən yüksək maaş ANS-dədir. Yəqin başqa televiziyalarda tanışlarınız var. Maraqlana bilərsiz. Bir də ki, hər şey pulla ölçülmür axı. Tamaşaçının verdiyi qiyməti bəs niyə saymırıq? Bunu hansı pulla ölçmək olar?


- Efirdə olarkən geyimlərinzi kim seçir?

- Bizdə aparıcıların efir görünüşünü tərtib edən xidmət var. Bu xidmət hansı aparıcının nəyi və necə geyinməsini müəyyən edir. Amma təbii ki, biz aparıcıların da rəyi nəzərə alınır...

- Bəs həyatda qadağalar var ?

- Hər şey öz hədəqəsində və ölçüsündə yaraşıqlı olur. Mənə yaraşanı geyinirəm. Yasaqları isə özüm qoyuram.

- Ailə qurandan sonra nə qədər kilo almısınız?

- Kilo almaq mənim ağrılı yerimdi. Düz 30 kilo. Amma çox şükür ki, artıq çəkidən demək olar ki, azad oldum. Amma hələ tam razı deyiləm... Bir az da işləməliyəm üzərimdə.

- Mətbəxlə aranız necədir?Məsələn, qışa hansısa tedarükü görmüsünüz? Mövsümü mürəbbələrdən hansıları bişirə bilmisiniz?

- Mətbəxi, xüsusilə də yemək bişirməyi çox sevirəm. Bişirdiyim yeməkləri tərifləyəndə daha da həvəslənirəm. Mürəbbə bişirməyi isə hələ ki bacarmıram. Anam kömək edir.

- Ev işlərində köməkçiniz var?

- Ailə və işi bir yerdə çatdırmaq çox çətin, bəzən isə hətta qeyri-mümükündür. Məncə heç kəs tək başına bu işin öhdəsində gəlmir. Mən adə istisna deyiləm.

- ANS Səbinə Ağayeva üçün hansı önəmi daşıyır?

- Bura mənim ailəmin davamıdır.

Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti