Səfirlik Təhsil Nazirliyinə söz verdi

Səfirlik Təhsil Nazirliyinə söz verdi
  27 Fevral 2013    Oxunub:1520
Təhsil Nazirliyi Fransada azərbaycanlı tələbənin döyülməsi faktının araşdırılması ilə bağlı Fransanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə deyib ki, səfirlik tərəfindən məsələnin nəzarətdə saxlanılacağına və bütün lazımi tədbirlərin görüləcəyinə dair söz verilib.

B.Hüseynzadə vurğulayıb ki, bu məsələ nazirliyin diqqətində saxlanılacaq: “Bu gün Fransada “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dövlət xətti ilə 34 tələbə təhsil alır. Ötən gün Fransada döyülən Vüsal Hüseynov adlı tələbə isə dövlət xətti ilə təhsil almır. Hətta bəzi tələbələr dövlət xətti ilə təhsil alsa belə, onların mühafizəsi üçün xüsusi dövlət nəzarət mexanizmi yoxdur. Hər tələbəyə mühafizəçi təyin etmək mümkün deyil. Tələbələr ilk növbədə təhsil aldıqları ölkənin qanunlarına uyğun olaraq öz hüquqlarını qorumalıdırlar”.

B.Hüseynzadənin sözlərinə görə, mövcud hadisədən sonra Azərbaycandan Fransaya təhsil almağa gedən bütün tələbələrə bir daha çatdırılıb ki, Azərbaycanla Fransa arasında yüksək münasibətlərin olmasına baxmayaraq, Fransa erməni diasporunun ən çox formalaşdığı ölkə olduğundan, orada daha çox ehtiyatlı olmaq lazımdır: “İnanırıq ki, bu hadisə ilə bağlı Azərbaycanın Xarici işlər Nazirliyi və Fransadakı səfirliyimiz ciddi şəkildə məşğul olacaq və həmin şəxslər Fransa qanunlarına uyğun cəzalandırılacaq”.




Teqlər:  





Xəbər lenti