"Azərbaycan saqqallı mollalarla dolub”

"Azərbaycan saqqallı mollalarla dolub”
  22 Fevral 2013    Oxunub:1975
Azərbaycanda yalnız markalanmış dini kitabları almaq mümkün olacaq.
Məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər təsdiq olunub.
Qanuna edilən dəyişikliklər dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıycılarda), audio və video materiallar, mal və məlumatlar və dini məzmunlu başqa məlumat materialları ilə bağlıdır.
Qanuna dəyişikliyi təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda göstərilir ki, nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
Deputat Qüdrət Həsənquliyev qanuna dəyişikliyə münasibət bildirərək deyib ki, Azərbaycan çox həssas bölgədə yerləşir, hər kəs də öz milli təhlükəsizliyini qorumalıdır. O qeyd edib ki, ekstremist tərkibli kitabların ortaya çıxarılması üçün həmin ədəbiyyat oxunmalıdır. "Azərbaycan saqqallı və saqqalsız mollalarla dolub. Biz özümüz ekstremizmə yol verməməyə çalışmalıyıq", - o deyib.
Deputat Zahid Oruc isə bildirib ki, qanuna dəyişikliyin ekstermist dini təriqətlərin yayılmamasında əhəmiyyəti olmayacaq. "Bu gün ən ucqar kənd sakininin belə internetə çıxışı var, internetdə isə bütün təriqətlərin materialları var. Bu dəyişikliklər praktikada işləniləcək", - o deyib.
Zahid Oruc bildirib ki, ekstremist axınların qarşısının alınması üçün dini siyasət daha fəal yürüdülməli, dinin dövlət siyasətinə qarışmadığı anladılmalıdır.
Deputat İlham Əliyev isə qeyd edib ki, bizim dinimiz var və biz ona qulluq edirik.
"Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmalıyıq ki, cəmiyyətimizdəki qısa şalvarlıları və saqqalı sinəsinə qədər düşənləri təcrid edək. Axşamlar bulvara çıxanda adam onların xarici görünüşünə nifrət edir. Çalışıb onları individual qaydada və yaxud komıpleks şəkildə cəmiyyətdən təcrid etməliyik. "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişiklik yəqin ki buna xidmət edir. Biz çalışacağıq ki, belə ünsürlər gələcəkdə aramızdan yığışdırılsın", - o deyib.
(trend)


Teqlər:  





Xəbər lenti