Azərbaycan musiqisini Himalayın zirvəsində səsləndirən şəxs - FOTO+VİDEO
- Bildiyim qədərilə Azərbaycanda yaşamırsınız. Amma uzun müddət burada olmusunuz. Ölkəmizə hər hansı konsert və ya başqa işlər üçün gəlmişdiniz?
- Bütün Azərbaycana salam olsun. Mən sizin ölkənizi 1998-2000-ci illərdə tərk etmişəm. Təxminən 16 yaşım var idi onda. Həmin müddətdə isə Azərbaycanda Ədalət Vəzirovdan kamança və muğam dərsləri almışam.
- Nəyə görə Azərbaycan muğamına üstünlük vermisiniz? Bu istək sizə atanızdan keçib, yoxsa sadəcə bizim musiqini sevirsiniz?
- Muğam mənim canımdır, canımdadır. Atam Piris Eliyahu muğam ustası və bəstəkarıdır. O, Azərbaycanın bir çox muğam ustaları (Alim Qasımov, Habil Əliyev) ilə işləyib. Azərbaycan muğamının bizə təsiri sözlə ifadə edilə bilməyəcək qədər güclüdür.
- Sizin əslində həm də Azərbaycanla qan bağınız olduğunu düşünürdüm. Həqiqətənmi belədir?
- Xeyr, daha düzgün desək, mən dağıstanlıyam.
- Azərbaycana gəlmək və ya burada konsert vermək fikriniz var? Çünki musiqilərinizi dinləyən hər kəs çox bəyənir.
- Azərbaycana bu yaxınlarda gəlmişdik. Lakin yenidən gəlməyi sözsüz istəyirəm. Planlarım arasında da var.
- Bəstələrinizin Azərbaycan muğamları üzərində qurulduğu aşikardır. Məsələn, “Journey” deyəsən, “Nəva” muğamı üzərindədir.
- Bəli, bir çoxunda muğam elementləri var və bu onları daha axıcı edir.
- Məni ən çox maraqlandıran sual: qrupunuz (ANNA RF) məşhur “Weeping eyes” klipini Himalayda çəkib?
- Onların hər biri mənim tələbələrimdir. Məndən kamança dərsləri öyrənirlər. Bəli, həmin klip orada çəkilib.
- “Dağıstanlıyam” dediniz. Bəlkə bu da sizin musiqi ruhunuza təsir edib?!
- Biz Dağıstandan gedəndə mən çox balaca idim. Amma hər zaman özümdə Qafqaz ruhunu hiss edirəm.
- Ümumiyyətlə, növbəti layihələriniz haqqında bilmək xoş olardı...
- Hazırda muğam, pop və elektron musiqilər üzərində çalışıram. Həmçinin muğamdan bir çox layihələrimdə istifadə edirəm. Əsasən, ansanblım və atam Piris Eliyahu ilə işləyirəm. Həmçinin orkestr, müğənni, film, rəqs və teatrlar üçün musiqilər bəstələyirəm.
Bəzi musiqi layihələrim üçün isə Hindistan, Türkiyə, Azərbaycan, Fələstin və İsrail musiqiçiləri məni dəvət edirlər. Bunlardan birini elə ötən yay Azərbaycanda Bəyimxanım Vəliyeva (Mirzəyeva) və Malik Mansurovla həyata keçirdik.
Son olaraq isə sizin vasitənizlə Azərbaycana və Azərbaycan xalqına sevgilərimi göndərmək istəyirəm.
(brifinq.az)