`Əli və Nino`nun rejissoru da `Oskar` aldı

`Əli və Nino`nun rejissoru da `Oskar` aldı
  29 Fevral 2016    Oxunub:21383
“Əli və Nino” filminin rejissoru Asif Kapadianın 2015-ci ildə çəkdiyi ekran əsəri - “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar” mükafatı alıb.

AzVision.az xəbər verir ki, Kapadianın filmində 2011-ci ildə vəfat edən qalmaqallı müğənni Emi Uaynhaus həyatından bəhs edilir.

Sənədli filmdə avtobioqrafik mətnlər, ailənin şəxsi video arxivindən olan videolar, ona yaxın adamlar və həmkarların müsahibələrindən istifadə olunaraq Eminin yaşadığı dünya tamaşaçılara təqdim olunur.

Filmdə, həmçinin daha əvvəl Eminin heç yerdə ifa etmədiyi mahnılar və onun gənc yaşlarında ilk ifalarını əks etdirən görüntülər yer alıb.



“BAFTA” mükafatı sahibi Asif Kapadia `Əli və Nino` filminin də rejissorudur.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edir.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti