Nazir İsmət Abbasov həmkarı ilə görüşüb

Nazir İsmət Abbasov həmkarı ilə görüşüb
  22 İyun 2013    Oxunub:1265
Görüşdə kənd təsərrüfatı sahəsində xarici investorlar üçün biznes imkanları və ümumilikdə bu sahədəki durum müzakirə edilib
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konftansının 38-ci sessiyasında iştirak etmək məqsədilə İtaliyanın paytaxtı Roma şəhərinə səfəri çərçivəsində FAO-nun mənzil-qərargahında Finlandiyanın kənd təsərrüfatı və meşəçilik naziri Yari Koskinenlə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə finlandiyalı nazir Azərbaycanın iqtisadi nailiyyətlərinin və regionun aparıcı ölkələrindən birinə çevrilməsinin öz ölkəsində maraq yaratdığını qeyd edib.

Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sahəsində xarici investorlar üçün biznes imkanları və ümumilikdə bu sahədəki durum müzakirə edilib.

Nazir İsmət Abbasov Azərbaycanın torpaq-iqlim şəraiti, kənd təsərrüfatı sahəsindəki vəziyyət, aqrar sahədə özəl bölmənin dəstəklənməsi məqsədilə dövlət tərəfindən göstərilən yardımlar barədə məlumat verib.

Daha sonra Azərbaycanda iribuynuzlu mal-qara və südçülük sahəsinə investisiya yatırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, süni mayalama proqramları haqqında məlumat verməklə yanaşı, ölkədə südçülük sahəsində məhsuldarlığın artırılması üçün Finlandiya tərəfinin təcrübəsinin və bu sahədə əməkdaşlığın maraq kəsb etdiyini bildirib.

Görüşdə, həmçinin Finlandiya istehsalı olan "Sampo Rosenlyu" taxılyığan kombaynlarının Azərbaycanda tətbiqinin genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşlərdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndə Vaqif Sadıqov və səfirliyin ikinci katibi Fuad Fərzəlibəyov da iştirak ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti