Milli Məclisdə etiraz bəyanatı qəbul olundu

Milli Məclisdə etiraz bəyanatı qəbul olundu
  21 İyun 2013    Oxunub:1173
Milli Məclis bugünkü iclasında Avropa Parlamentinin qətnaməsinə etiraz bəyanatı qəbul edib.

AzVision.az xəbər verir ki, sənəd barədə İşçi Qrupunun rəhbəri, vitse-spiker Valeh Ələsgərov məlumat verib.

Sənəddə qeyd edilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa Birliyi ilə assosiativ saziş hazırlanır. Bəyanatda vurğulanır ki, iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil:

“Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbsi müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağıldır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir”.

Bəyanatda vurğulanır ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampaniyası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib: “Cinayət Məcəlləsində edilən dəyişikliklər də “Diffamasyia haqqında” qanunun qəbuluna heç bir maneə törətmir. İnternetlə bağlı hər hansı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var.

Azərbaycanın insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzakirəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir. Bu, Avropa Birliyinin Azərbaycanla bağlı syiasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və iqtisadi maraqlardan xəbər verir. Azərbaycan müstəqil dövlətdir və Avropa Birliyi ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdirir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti