“Azərbaycan Ermənistandan təzminat tələb edəcək”

“Azərbaycan Ermənistandan təzminat tələb edəcək”
  20 İyun 2013    Oxunub:1268
“Gözlədiklərimizin əksini görürük”
Ümumdünya qaçqınlar günü münasibəti ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə tədbir keçirilib. AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə, qaçqın və ya məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddədir. O qeyd edib ki, 18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir: “Bundan əlavə, ötən il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21300 müraciət valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub”.

Siqurdson onu da vurğulayıb ki, BMT QAK-ın hesabatında göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən-Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemləri hər kəsi, o cümlədən beynəlxalq təşkilatları düşündürür. :“BMT Ümumdünya qaçqınlar günü keçirməklə dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bu problem dözülməz bir problemdir. Buna baxmayaraq, təəssüflər olsun ki, biz gözlədiklərimizin əksini görürük. Yəni dünyada qaçqın və məcburi köçkünlərin sayı artmaqdadır. Azərbaycanda hazırda bir milyondan artıq qaçqın və məcburi köçkün var”.

Baş nazirin müavini qeyd edib ki, ölkəmizin əhalisinin sayı artıqca ona nisbətdə qaçqın və məcburi köçkünlərimizin də sayı artır. Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərini sosial təminatını yaxşılaşdırır. “Bununla yanaşı, ölkəmizdə bu gün də beynəlxalq humanitar təşkilatlar öz fəaliyyətlərini davam etdirir. Azərbaycanın ən çətin günündə ölkəmizdə dəstək olan hər bir dövlətə təşəkkür edirəm.Dövlət Neft Fondunun vəsaiti hesabına 151 min nəfəri yeni mənzillərə köçürüb. Bu proses sülh bərqərar olunana qədər davam edəcək”-deyə, Ə. Həsənov əlavə edib.

Ə. Həsənov onu da vurğulayıb ki, hazırda müharibə vaxtı Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyan hesablanır və bu proses başa çatmaq üzrədir: “Ermənistan bilməlidir ki, Beynəlxalq Qiymətləndirmə Təşkilatı tərəfindən Azərbaycana dəymiş ziyanla bağlı hesabat təsdiq edildikdən sonra Azərbaycan Ermənistandan təzminat tələbə edəcək. Bu təzminatı erməni xalqı ödəməlidir. Bu məsələ onları ciddi düşündürməlidir. Nə qədər gec deyil, Ermənistan ədalətsiz mövqeyidən əl çəkməlidir”.

Daha sonra tədbirdə Suriyadakı vəziyyətlə bağlı qısa metrajlı video material nümayiş olunub. Tədbirdə millət vəkilləri, QHT və diplomatik korpusun nümayəndələri iştirak edir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti