Peşə təhsilinə ayrılan vəsait artırılacaq

Peşə təhsilinə ayrılan vəsait artırılacaq
  19 İyun 2013    Oxunub:1707
son 5 ildə 3 yeni peşə təhsili müəssisəsi yaradılıb
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın icrası dövründə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib, 3 yeni peşə təhsili müəssisəsi yaradılıb, bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası yeniləşdirilib.

Dövlət Proqramı çərçivəsində 60-a yaxın peşə təhsili müəssisələri üçün ümumi dəyəri 3 634 500 manat məbləğində müxtəlif texnika, maşın, mebel və avadanlıqlar alınmış, müxtəlif peşələrə dair dərslik, dərs vəsaitləri və əyani vəsaitlər çap olunmuş, peşə təhsili müəssisələrinə çatdırılıb.

Bundan əlavə, regionda kino-televiziya sahəsi üzrə ixtisaslaşdırılan yeganə peşə təhsili müəssisəsi 5 nömrəli Bakı peşə məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, Naxçıvan şəhəri, Qəbələ və İsmayıllı rayonlarında müasir tipli yeni peşə təhsili müəssisələri istifadəyə verilib. Proqram çərçivəsində işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Bu əməkdaşlığa “Knauf”, “Gilan Turizm”, “Büllur”, “BOSH” və digər işəgötürən şirkət və təşkilatlarla yaradılmış əlaqələri misal göstərmək olar.

Əgər 2007-ci ildə dövlət büdcəsindən ilk peşə-ixtisas təhsilinə 16.4 milyon manat vəsait ayrılmışdırsa, 2012-ci ildə bu rəqəm 30.6 milyon manata qədər artıb. Bu vəsaitin 86,3 faizi əmək haqqı, təqaüd və kommunal xidmətlərin ödənilməsinə sərf edilib. Bu baxımdan peşə təhsilinin sürətli inkişafı üçün ayrılan vəsait kifayət etmir. Növbəti illərdə peşə təhsilinə ayrılan vəsaitin həcminin artımı gözlənilir.

Bundan əlavə, Dövlət Proqramının icrası ilə əlaqədar 6.408 milyon manat məbləğində vəsait ayrılıb. Bu müddət ərzində beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə bir sıra layihələr həyata keçirilib. Bu layihələrin ümumi dəyəri 4 milyon avroya yaxındır. Lakin bu vəsaitlərin böyük hissəsi məsləhət xidmətlərin həyata keçirilməsinə, tədris səfərlərinin təşkilinə, müxtəlif dərslik və dərs vəsaitlərinin hazırlanmasına və s. sərf edilib. Bununla yanaşı, həmin layihələr çərçivəsində bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti