Novella Cəfəroğlu: “Freedom House” Azərbaycana qərəzli yanaşıb”

Novella Cəfəroğlu: “Freedom House” Azərbaycana qərəzli yanaşıb”
  19 İyun 2013    Oxunub:1378
“Freedom House” təşkilatı hesabatı hazırlayarkən Azərbaycana qərəzli yanaşıb”. Bunu hüquq müdafiəçisi, eyni zamanda Müsavat Partiyasının üzvü olan Novella Cəfəroğlu “Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” hesabatını AzVision.az saytına şərh edərkən deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, təşkilatın qərəzli mövqeyi özünü insan haqlarının pozulması hallarına görə acınacaqlı durumda olan ölkələrin adlarının həmin siyahıda olmamasında göstərir.

- Mən “Freedom House” un Azərbaycanı Türkmənistan, Özbəkistanla eyni tutmasını qəbul edə bilmirəm. Çünki Azərbaycanda olan məsələlər Gürcüstanda, Ermənistanda, Rusiyada, Ukraynada da var. Mənim hakimiyyətdən narazı olmağım başqa məsələdir. Doğrudur, bizdə problemlər var və bunların həllini tapmalıdır.Söz azadlığı, azad toplaşma təmin olunmalıdır. Amma “Freedom House” bu məsələləri Gürcüstanda və Ermənistanda da axtarmalıdır. Gürcüstanda həbsxanalarda insanların başına nə oyunlar gətirilib, bunların hamısı göz qabağındadır və biz bunu yaxşı bilirik. Ermənistan indiyə qədər işğalçı dövlət kimi “Freedom House” un siyahısına düşməyib. İşğalçı Ermənistan 500 min azərbaycanlının haqlarını tapdalayıb, torpaqlarından didərgin salıb. Niyə indiyə kimi Ermənistanın adı bu təşkilatın siyahısına düşməyib? Onun adı terrorçu dövlət kimi getməlidir. Monitorinqi düzgün aparasınlar. Azərbaycan hakimiyyəti ayrı, dövlət ayrıdır. Azərbayacan dövlətinə olan belə bir münasibət, qərəzli yanaşma ilə razı deyiləm. Əcəba, niyə adlarını çəkdiyim dövlətlər bizimlə eyni siyahıda durmamamlıdır? Amerika demokratik dövlətdir. Orada olan qurumu tənqid etmək olmaz? Mən başa düşə bilmirəm,- deyə Novella Cəfəroğlu bildirib.

Hazırda Strasburqa səfərə hazırlaşan hüquq müdafiəçisi səfərinin məqsədini belə izah edib: “Həmişəki kimi insan haqları, məhbuslar, söz azadlığı ,azad toplaşma ilə bağlı məsələləri danışacağıq. Ayın 21-i gedib, 28-i qayıdacağam. Hamısını oradakı görüşlərimizdə deyəcəyik”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti