“Minsk Qrupu vəzifəsinin öhdəsindən gələ bilmir”

“Minsk Qrupu vəzifəsinin öhdəsindən gələ bilmir”
  19 İyun 2013    Oxunub:1200
YAP ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanata münasibət bildirib
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı narahatçılığı ifadə edən bəyanatlar səsləndirməsini ümumilikdə müsbət qiymətləndirmək olar".

Bunu bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanata münasibət bildirərkən deyib.

YAP Sədrinin müavini qeyd edib ki, bu, o mənada qiymətləndirilə bilər ki, böyük dövlətlər, Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınmasını unutmayıblar:

"Amma eyni zamanda həqiqətin daha əhəmiyyətli hissəsi ondan ibarətdir ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, münaqişə hələ də nizamlanmayıb. Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin vəziyyətində dəyişiklik baş verməyib. Onlar hələ də öz yurd-yuvalarına qayıda bilməyiblər. Beləcə, tarixi həqiqət bərpa olunmayıb".

Trend-in məlumatına görə, Əhmədov qeyd edib ki, tarixi həqiqətin bərpa olunmamasının günahının böyük bir hissəsi də münaqişənin nizama salınması kimi əhəmiyyətli missiyanı öz üzərinə götürmüş Misk qrupunun öz vəzifəsinin öhdəsindən gələ bilməməsidir:

"Mən təsəvvür edə bilmirəm ki, Minsk qrupu bu münaqişəni həll etmək missiyasını öz üzərinə götürəndən və 20 il ərzində bu vəzifənin öhdəsindən gələ bilməyəndən sonra axı kimləri günahlandırmaq istəyir? Bu məntiqi sadəcə olaraq başa düşmək mümkün deyil. İşğalçı nə qədər ki, öz adı ilə adlandırılmayıb, nə qədər ki, işğalçının işğal etdiyi torpaqlardan geri qayıtması tələbi Minsk qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret şəkildə qoyulmayıbsa, münaqişənin nizama salınması sayəsində irəliyə addım atmaq mümkün olmayacaq. Hesab edirəm ki, Minsk qrupunun həmsədr dövlətləri bu məsələyə konkret münasibət bildirsəydilər daha yaxşı olardı və münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addım atılmasına nail olmaq mümkün olardı".


Teqlər:  





Xəbər lenti