İtkin düşən 38 nəfərin taleyinə aydınlıq gətirilib

İtkin düşən 38 nəfərin taleyinə aydınlıq gətirilib
  18 İyun 2013    Oxunub:1282
Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilib. AzVision.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi internet saytına istinadən xəbər verir ki, həmin şəxslərin adları itkinlərin siyahısından çıxarılıb.

Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib.

Beləliklə, 1 iyun 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4033 nəfər təşkil edib. Onlardan 3260 nəfər hərbçi, 772 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4033 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir. Eyni zamanda 175 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

AzVision.az



Teqlər:





Xəbər lenti