Deportasiya olunanlara 48 saat vaxt veriləcək

Deportasiya olunanlara 48 saat vaxt veriləcək
  13 İyun 2013    Oxunub:2885
Azərbaycandan deportasiya olunan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə yenidən buraxılmama müddəti müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə yeni müddəalar əlavə olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini sözlərinə görə, əlavələrdə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək məhdudlaşdırılır. Mövcud qanunvericiliyə görə isə bu hal yalnız məhkəmələrin çıxardığı qərarlardan asılıdır.

Yeni əlavələrdə Azərbaycanda deportasiya olunanlara ölkədən çıxmaq üçün maksimum müddət 48 saat müəyyənləşib.

Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti