“Oğlan magistrantlara möhlət hüququ verilməlidir”

 “Oğlan magistrantlara möhlət hüququ verilməlidir”
  13 İyun 2013    Oxunub:1352
Millət vəkili Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı magistratura pilləsinə daxil olmaq istəyən oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifini irəli sürüb.
Millət vəkilinin sözlərinə görə, məsələ ilə bağlı ona həm Azərbaycanda, həm də Azərbaycandan kənarda dövlət xətti ilə təhsil alan oğlan tələbələr və onların ailə üzvləri tərəfindən çoxsaylı müraciətlər edilir.

“Hara gedirəmsə onlar bu məsələ ilə bağlı müraciət edirlər və bildirirlər ki, magistratura pilləsinə daxil olmaq üçün möhlət hüququ məsələsi öz həllini tapsın. Həmin tələbələr xüsusilə, mətbuatda müxtəlif şəxslərin bu mövzuda fərqli fikirlər səsləndirdiklərini və onlarda çaşqınlıq yarandığını qeyd edirlər.

Deyirlər ki, biz bilmirik ki, bu məsələdə vəziyyət tam olaraq necədir, kimin dediyi həqiqətdir, yəni, magistraturaya daxil olmaq üçün möhlət hüququ veriləcək, yoxsa yox.

Ona görə, çox xahiş edirəm ki, cəmi 1 iclasımız qalır və həmin vaxta kimi magistratura pilləsinə daxil olmaq üçün oğlan tələbələrə möhlət hüququnun verilməsi ilə bağlı qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlansın və sonuncu iclasda müzakirəyə çıxarılaraq qəbul edilsin. Bunun özü, yəni, həmin oğlan tələbələrə magistratura pilləsində təhsillərini davam etdirmələri və Azərbaycan elminə töhfə vermələri üçün çox məqsədəuyğun bir addım olardı”.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti