Prezident dəyişikliyi təsdiq etdi

Prezident dəyişikliyi təsdiq etdi
  13 İyun 2013    Oxunub:1232
Prezident İlham Əliyev "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (texnologiyalar parklarına münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; bu Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmanla müəyyən edilir ki, Vergi Məcəlləsinin 13.2.52-ci, 13.2.53-cü maddələrində və 67-1.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin Məcəllənin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (sənaye parklarına münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.


Teqlər:  





Xəbər lenti