Zakir Qaralov Türkiyəli həmkarını qəbul etdi

Zakir Qaralov Türkiyəli həmkarını qəbul etdi
  12 İyun 2013    Oxunub:1271
Türkiyə Baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Azərbaycan və Türkiyə Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Türkiyə Baş prokuroru Həsən Ərbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə iyunun 11-də ölkəmizə səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-də Türkiyə Respublikası Prokurorluğunun nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib. Görüşdə Baş prokuror Zakir Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirib.

Baş prokuror son illər aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə məlumat verib.

Öz növbəsində Həsən Ərbil rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə edilib, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti