Ədliyyə naziri vətəndaşlarla görüşüb

Ədliyyə naziri vətəndaşlarla görüşüb
  11 İyun 2013    Oxunub:1291
Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.
Dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür, bu zaman ədalət prinsipinin tam təmin olunmasına xüsusi diqqət yetirilir.

İyunun 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Göyçay şəhərində Heydər Əliyev Mərkəzində Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam və digər rayonlarda yaşayan vətəndaşların, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış iyun ayının 5-dən başlanılıb, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq yaradılmış birbaşa yazılmaq imkanı qəbul prosedurunu xeyli asanlaşdırıb.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Göyçay Şəhər İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Gün ərzində aparılan qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti