Qarabağdan narkotika gətirən iranlılar tutulub

Qarabağdan narkotika gətirən iranlılar tutulub
  11 İyun 2013    Oxunub:1470
İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzVision.az-a verilən məlumata görə, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.

Belə ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Bağırov Babək Surxay oğlu, Məhərrəmov Ramil Bayram oğlu və İran İslam Respublikasının vətəndaşı İbrahimi Əsgər Səxavət oğlu yaxalanıblar. Məlum olub ki, Babək Bağırov, Ramil Məhərrəmov, Əsgər İbrahimi və İran İslam Respublikasının digər vətəndaşı, Parsabad rayonunun Qaraqabaq kənd sakini Ərsalam Həlim qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib satış məqsədilə 8 kiloqramdan artıq həşişi və təxminən 7 kiloqram tiryəki, 9 kiloqram 500 qrama yaxın qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.
Əsgər İbrahimi ifadəsində göstərib ki, Ərsalam Həlim Azərbaycan Respublikasına aparmaq üçün İranda ona verdiyi qurudulmuş marixuananın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirildiyini bildirmişdir. Belə ki, Ərsalam Həlim həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verdiklərini vurğulayıb. O, həmçinin iğşal olunmuş Qarabağ ərazilərində ermənilər tərəfindən yetişdirilmiş narkotik vasitələrin İran vasitəsi ilə Azərbaycana və başqa ölkələrə daşınaraq satıldığını demişdir. Qrupun digər üzvü Babək Bağırov da analoji ifadələr verərək bildirmişdir ki, Ərsalam Həlim ona həmin marixuananın Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində erməni zabitləri və əsgərləri tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərinin bu narkotik vasitələri İrana və oradan başqa ölkələrə göndərdiklərini demişdir. Ərsalam Həlim erməni hərbçilərinə sifariş etdiyi marixuananın növbəti hissəsinin keyfiyyətini yoxlamaq məqsədilə Babək Bağırova İrana gəlməsini təklif etmiş və sonuncu bununla razılaşmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları – Mehrəliyev Lətif Qərib oğlu və Həsənov Fuad Aslan oğlu saxlanılmışlar. Müəyyən edilmişdir ki, Lətif Mehrəliyev, Fuad Həsənov və hazırda şəxsiyyəti istintaqla araşdırılan Məhərrəm adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 647,86 qram heroini və 2 kiloqrama yaxın qurudulmuş marixuananı Azərbaycana İrandan qaçaq yolla gətirmişlər.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Nəzərov Hidayət Meybulla oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Hidayət Nəzərov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Məmməd adlı vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 939,24 qram heroini, 4 kiloqram 806 qram tiryəki və 989,18 qram qurudulmuş marixuananı Azərbaycana qaçaq yolla İrandan gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Rəhimli Vüsal Rafael oğlu, Rzayev Samir Zair oğlu, Mahmudova Rəvanə Mirhəsən qızı və Mahmudov Nağı Əli-Asad oğlu saxlanılmış, onlardan 40 qrama yaxın heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, qrupun üzvləri Rəvanə Mahmudova və Samir Rzayev Vüsal Rəhimlinin tapşırığına əsasən İran İslam Respublikasına gedərək orada Nadir adlı İran vətəndaşına narkotik vasitələrin qaçaq yolla Azərbaycan ərazisinə göndərilməsi üçün ona əvvəlcədən 5 min ABŞ dolları ödəmişlər.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş başqa əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Şəbiyev Fəqan Çingiz oğlu və onun atası Şəbiyev Çingiz Məmi oğlu yaxalanmışlar. Keçirilmiş baxış nəticəsində onların yaşadıqları evlərdən təxminən 2 kiloqram həşiş və 4 kiloqram 500 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, adları cəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Hafiz adlı vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitələri satış məqsədilə Azərbaycana İrandan qaçaq yolla gətiriblər.

Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.


Teqlər:  





Xəbər lenti