TQDK 18 dərsliyi yararsız hesab edib

TQDK 18 dərsliyi yararsız hesab edib
  11 İyun 2013    Oxunub:1627
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanmış və istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqinin nəticələri barədə məlumat yayıb.

AzVision.az TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması, pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması üçün [email protected] elektron ünvanı yaradılıb və bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub.

Həmçinin, müvafiq fənn müəllimlərinin elmi-metodiki seminarları təşkil olunub, seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan müəllimlər, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba və Ağcabədi regional bölmələri ilə yaradılan videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri, həmçinin Biləsuvar rayonundan “Skype” proqramı vasitəsilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də iştirak edərək qeyd və təkliflərini bildiriblər.

Təhsil Nazirliyinin müvafiq sahə üzrə nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri, ekspertləri, Təhsil Problemləri İnstitutu və Kurikulum Mərkəzinin mütəxəssisləri, Respublika Təhsil Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri iştirak ediblər.

I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib. Bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.

V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib ki, onlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.

Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilib.

Hazırda VII siniflər üzrə bütün dərsliklərin, VIII siniflər üzrə “Azərbaycan dili” (variativ dərsliklər), “Ədəbiyyat”, “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili” (xarici dil kimi), “Cəbr”, “Həndəsə”, “Fizika”, “Kimya”, “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Zoologiya” , “İngilis dili”, “Fransız dili”, “İnformatika”, “Musiqi”, “Rəsmxət”, IX siniflər üzrə “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili”(xarici dil kimi), “Cəbr”, “Biologiya (İnsan)”, “Kimya”, “Fizika”, “Musiqi”, “Rəsmxət”, X siniflər üzrə “Rus dili”(xarici dil kimi), “Fizika”, “Kimya”,” Ümumi biologiya” (variativ dərsliklər) dərsliklərinin elmi-metodiki monitorinqi başa çatıb və yekun rəylər yaxın vaxtda Təhsil Nazirliyinə göndəriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti