Zəvvarların qeydiyyatı başa çatıb

  Zəvvarların qeydiyyatı başa çatıb
  07 İyun 2013    Oxunub:1259
Azərbaycanda bu il üçün Həcc ziyarətinə gedəcək zəvvarların qeydiyyatı artıq başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, artıq təklif olunan hər iki xidmət variantında limitlər dolub və ümumilikdə limitdən artıq hər xidmət növündə 300 nəfərdən çox zəvvar sənəd verib.

Limitdən artıq sənəd verənlərin ixtisarı isə ziyarəti təşkil edən QMİ rəhbərliyinin qərarından asılı olacaq. Bildirilir ki, qeydiyyatdan keçənlərin bir qismi hələ də xidmət xərcini ödəmədiyi üçün onların ixtisara düşmə ehtimalı daha böyükdür. O da qeyd olunur ki, son zamanlara yaxın nəzərdə tutulun limit artırılaraq 3200 nəfər qəbul olunsa da, sonradan bu limit yenidən azaldılıb.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həyata keçirir. Ziyarətçilər üçün nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdır. Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.


Teqlər:  





Xəbər lenti