Yazıçılar özlərini MKM-ın qalibi görürmü? - SORĞU

Yazıçılar özlərini MKM-ın qalibi görürmü? - SORĞU
  05 İyun 2013    Oxunub:1386
Milli Kitab Mükafatının (MKM) qalibləri bu gün bəlli olacaq
Uzun müdətdir söz-söhbətlərə səbəb olan Milli Kitab Mükafatının nəticələri nəhayət ki, bu gün bəlli olacaq. Elə bu münasibətlə də AzVision.az qısa siyahıda adları olan yazarlar arasında sorğu keçirib. Yazarların müsabiqənin yekunu ilə bağlı təssüratlarını, müsabiqəyə təqdim olunmuş əsərlərlə tanışlığı və necə qiymətləndirməsi, qaliblər sırasında özlərini yaxud da başqasını görməsi haqqında münasibət öyrənib.

“Mustafa” romanı ilə müsabiqəyə qatılan Qan Turalı:
“Kimin qalib olacağı haqqında fikrim yoxdur. Mən ancaq oxuduğum əsərlər haqqında fikir yürüdə bilərəm. Zakir Sadatlının Əfqanısatan haqqında yazdığı “Əfqanıstan uçurumu” əsərini qələbəyə layiq bilirəm. Çünki çox gözəl əsərdir. Onun həyatda olmamağının məsələyə heç bir aidiyyatı yoxdur”.

“Yüz il inqilab” əsəri ilə müsabiqədə iştirak edən Sayman Aruz :
“Əlbəttə ki, müəyyən qruplaşmanın fəaliyyətini nəzərə almasaq, qalib gəlmək mümkündür. Hansı ki, bütün müsabiqələrdə o qruplaşmalar çalışırlar öz adamları birinci olsun. Nigar Köçərli də onlara bir dəfə xəbərdarlıq etdi. Onların fəaliyyətini nəzərə almasaq hamının qələbə çalmağa, qalib gəlməyə mənə elə gəlir ki, bəxti var. Arzu edirəm ki, müsabiqənin yekunları insafla qiymətləndirilsin. Doğurdan da yaradıcılığı və romanın dəyərini dəyərləndirsinlər. Yoxsa şəxsi münasibətləri bura qatmasınlar. Mən dəfələrlə müsahibələrdə demişəmki, 10-luqda uzağı 2-3 kitabın olmasının tərəfdarıyam. Qalan 7 kitabın orada olması mənə elə gəlir ki, artıqdır. Ümumiyyətlə, MKM-də onların yeri yoxdur. “Yüz ilin inqilabı”-nın qələbə çalmasına ümidli olmalıyam. Ona görə ki, həm cənub mövzusnda olan bir əsərdir , həm də tənqidçilərin, oxucuların da diqqətini və marağını cəlb eidb. Satılmaq baxımından da ən çox satılan kitablar siyahısındadır.İnsaf ilə desək Zakir Sadatlının da təqdim etdiyi əsər də da qaliblər siyahısında olmalıdır. Qalan insanların hər birinin yeri dəyişə bilər”.

“Balerina” ilə müsabiqəyə iştirak edən Pərvin Nurullayeva :
“Bir söz deyə bilmərəm. Mənə elə gəlir ki, nəticələri gözləmək lazımdır. Çünki əsərlər ilə tanışlığım yoxdur, olsa idi deyə bilərdim”.

“Əlifba bayramında qətl” əsəriylə müsabiqənin “qısa siyahı”da yer alan Zahid Sarıtorpaq:
“Hamı istəyir ki, qalib olsun. Nəticələr münsiflərin rəyindən, fikrindən aslı olacaq . Mənim siz deyən proqnozum o qədər də nikbin deyil. Müsabiqə sona çatmamış münsiflərdən bir nəfər açıqlama verib. Yəni hardasa mesajlarını çatdırıb. Bu mənada da mən başa düşürəm ki, artıq məsələ həll olunub, artıd nə deyə bilərəm ki? Ad çəkmək istəmirəm. Ancaq məlumdur da. Bircə gənc yazar Şəhriyar Del Geranin əsərini oxumuşam. Düzdür haradasa o əsərin müəyyən problemləri var. Ancaq əsər yaxşı əsərdir. Bəlkə onluqda ondan da güclü əsərlər var, onu deyə bilmərəm. Azad Qaradərəlini də yaxşı bir yazıçı kimi tanıyıram. Düzdür onun əsərini oxumamışam. Deyə bilmərəm ki, əsər nə səviyyədədir. Ancaq yazıçının gücünə bələdəm ki, yaxşı şeylər ortalığa qoya bilər. Hər halada özüm qalib olmaq istərdim”.

“Çamayra. Kuba dəftəri” ilə müsabiqədə yer alan Vahid Qazı:
“MKM də, başqa müsabiqələr də ədəbiyyat hadisəsidir. Ucuz və şit şou bataqlığında “yaşıl, uzaq ada”ya bənzəyir bu müsabiqələr. Kitabdan çox-çox uzaq düşən bir toplumda belə müsabiqələrə hər kəs dəstək verməlidir. Xüsusilə, kitabın, ədəbiyyatın dəyərini bilənlər bu dəstəyi verməlidir. Başqalarını demirəm, ədəbiyyat adamları, ədəbiyyatsevərlər bayrama çevirməlidirlər bunu. Elə kitabı dəyərdən salanların acığına eləməlidirlər. Bu konteksdən yanaşanda kimin qalib olması o qədər də əhəmiyyət kəsb eləmir. Hərəyə öz yazdığı doğmadı. Onluğa düşən kitablardan xəbərsiz olduğumu nəzərə alsaq, öz kitabım, xüsusilə, gözümdə böyük görünür. Müsabiqənin nüfuzuna əsas təsir edən amil obyektiv seçimdi. Böyük qəlblərdə xırda duyğular olmaz. İnanıram ki, Azərbaycanın bunca böyük adamlarının təmsil olunduğu münsiflər heyəti də böyüklüyünü saxlayacaq. Yazana, ona dəstək verən, yaxud mane olan hansısa güclərə yox, yazıya qiymət verəcəklər”.

“Kuma-Manıç çökəkliyi” ilə MKM-da iştirak edən Azad Qaradərəli:
“ Mən romanı müsabiqə üçün yox, oxucular üçün yazmışam.Qalib olarsa lap yaxşı, olmazsa eybi yoxdur . Kimin qalib olacağını münsiflər bilər”.

Qeyd edək ki, “Əfqanıstan uçurumu” əsəri ilə müsabiqədə yer alan mərhum yazıçı Zakir Sadatlı fevralın 5-də vəfat edib. O, xərçəng xəstəliyinən əziyyət çəkirdi.

“İntihar hörükləri” əsəri ilə MKM-da iştirak edən Şəhriyar Del Gerani isə hazırda hərbi xidmətdədir.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti