Baş Prokurorluqdan Qurban Məmmədovla bağlı açıqlama

Baş Prokurorluqdan Qurban Məmmədovla bağlı açıqlama
  05 İyun 2013    Oxunub:1290
27 sentyabr 2012-ci il tarixdə Bakı şəhər sakini Qurban Məmmədov idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirməsi faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə şahidlər dindirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizası təyin edilərək rəylər alınıb və digər prosessual hərəkətlər aparılıb.

Kifayət qədər əsaslar olduğundan Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İstintaqın gedişində zərərçəkmiş P.Abbasov müraciət edərək Q. Məmmədovun ona hədə-qorxu gələrək istintaqa verdiyi ifadələri dəyişməsini tələb edib, əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirib.

Q.Məmmədov istintaq dövründə ziddiyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə dəfələrlə cəhd etdiyindən, zərərçəkmiş P.Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti