Bu il 1700 uşaq pulsuz istirahət edəcək

Bu il 1700 uşaq pulsuz istirahət edəcək
  04 İyun 2013    Oxunub:2487
Uşaq-sağlamlıq düşərgələrində vəziyyət necə olacaq?
“Bu aydan etibarən valideynlər uşaqlarını düşərgələrə göndərə bilərlər. Yay mövsümündə Həmkarlar İttifaqlarının nəzdində 4 uşaq-sağlamlıq düşərgəsi fəaliyyət göstərəcək. Həmin sağlamlıq ocaqlarında bu il istirahət etmək imkanı qazanan uşaqların sayı 3400 nəfərə çatdırılacaq”.
Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib. Onun sözlərinə görə istirahət edəcək uşaqlar 7-14 yaş qrupları arasında olacaq.

“Son beş ildə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfərdən artıq uşaq dincəlib. Bundan başqa, həmin dövr ərzində 30 min nəfərdən çox uşaq və yeniyetmənin valideynləri ilə birlikdə istirahətləri təşkil edilib, bu zaman aztəminatlı ailələrin, məcburi köçkün və qaçqın uşaqlarına güzəştlər olunub. Uşaq-sağlamlıq düşərgələrindən üçü Nabran istirahət zonasında, digəri isə Şüvəlan qəsəbəsində fəaliyyət göstərəcək. Bunlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Olimp”, “Şahin”, digərləri “Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının “Aypara” və Milli Elmlər Akademiyası Həmkarlar İttifaqı Komitəsinin “Elm” uşaq-sağlamlıq düşərgələridir.”

Qurum sözçüsü qeyd edib ki, bu il 1700 uşaq pulsuz istirahət edə biləcək : “Sözügedən uşaq-sağlamlıq müəssisələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 3400 nəfər uşaqdan 1700 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcəklər. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1700 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə istirahət etmək imkanı qazanacaq. Bir ədəd yollayışın dəyərinin 180 manat olduğunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 27 manat ödəyəcəklər”.

N. Ağamirovun sözlərinə görə, uşaq-sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək və uşaqların istirahətinin səmərəli təşkil olunması üçün hər cür şərait yaradılacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti