118 tələbəmiz Azərbaycana qayıtmayıb

118 tələbəmiz Azərbaycana qayıtmayıb
  03 İyun 2013    Oxunub:1736
“Bu günədək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb”.

AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, hazırda Dövlət Proqramı çərçivəsində təhsilini müvəffəqiyyətlə bitirən məzunların sayı 478 nəfərdir.

Dövlət hesabına xaricdə təhsil alan gənclərimizdən xarici ölkələrdə qalıb təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə nazirlik arasında imzalanan müqaviləyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.11.2008-ci il tarixli, 261 saylı qərarı ilə təsdiqlənmiş) uyğun olaraq həmin gənclər məzun olduqdan sonra vətənə qayıtmalı və Azərbaycanda özəl və ya dövlət sektorunda 5 il müddətinə çalışmalıdırlar.


Nazirlik bildirib ki, Dövlət Proqramının (DP) icrasına başlanılan gündən mayın 20-ə qədər olan statistik məlumata görə, təhsilini müvəffəqiyyətlə bitirən 478 nəfərdən 118-i ölkəyə qayıtmayıb. Ölkəyə qayıtmayan tələbələrdən 34-ü təhsilini öz hesablarına davam etdirib, 33-ü xaricdə qalaraq işləyib, 51 məzun isə təhsilini DP çərçivəsində davam etdiriblər.

DP çərçivəsindən xaricdə təhsil alan tələbələrdən 342 nəfəri ölkəyə gəlib. Onlardan 204 nəfəri hazırda çalışırlar, 131 nəfəri iş yeri barədə nazirliyə məlumat təqdim etməyiblər, 7 nəfər isə hərbi xidmətdədir.

478 nəfərdən 18 nəfərinin hazırda ölkədə olub-olmaması və iş yeri barədə nazirliyə məlumat təqdim edilməyib.

Qeyd edək ki, bu saya yeni məzun olub qayıdanlar, hərbi xidmətdə olanlar və işə düzələndən sonra məlumat təqdim etməyənlər də daxildir.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti