“Heydər Əliyev son günlərində bu mahnını dinləyirdi...”

“Heydər Əliyev son günlərində bu mahnını dinləyirdi...”
  13 May 2015    Oxunub:6992
““Xalq Heydər söyləyəcək” mahnısı sağlığında ulu öndərin də xoşuna gəlirdi. Hətta o, xəstəxanada son günlərində də bu mahnını dinləyirmiş”.

Bunu AzVision.az-a tanınmış nəğməkar-şair Baba Vəziroğlu deyib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birlikdə ərsəyə gətirdiyi “Xalq Heydər söyləyəcək” mahnısının Heydər Əliyevin doğum gününün himni olması ilə bağlı təkliflərə münasibət bildirən şair müəllifi olduğu mahnının xalq tərəfindən sevildiyini qeyd edib.

B.Vəziroğlu adıçəkilən mahnının çox səmimi hisslərlə yazıldığına görə yüksək səviyyədə qəbul olunduğunu bildirib: “Mahnı milyonlar tərəfindən qəbul olunubsa, deməli bizim zəhmətimiz boşa getməyib. Müəllif kimi ən böyük xoşbəxtliyimiz ondadır ki, bu mahnı ulu öndərin sağlığında onun çox xoşuna gəlib. Hətta o son günlərində də xəstəxanada bu mahnını dinləmək istəyib. Mahnı səslənəndən sonra Heydər Əliyev bizə heç nə demədi. Yalnız yaxın çevrəsi tərəfindən öyrəndik ki, çox bəyənib. O, özü haqqında heç vaxt yazılan nəisə tərifləməzdi”.

Mahnının yaranma tarixindən danışan şair əsərin ulu öndərin 75 illiyi ilə əlaqədar hazırlandığını vurğulayıb.

“Son illərdə Kamal müəllimlə iş birliyimiz davam edirdi. Bir gün qərara gəldik ki, ulu öndərin 75 illiyi ərəfəsində öz sevgimizi, ehtiramımızı mahnı ilə bildirək və sözlərini yazdım, musiqisini Kamal müəllim bəstələdi. İfaçı seçiminə gəldikdə isə birlikdə qərar verdik ki, mahnını 4 nəfər ifa etsin. Kamal müəllimlə qərara gəldik ki, mahnıya ümumxalq məhəbbəti ifadəsini vermək üçün, mahnın stilinə uyğun, bizim sevdiyimiz müğənnilər oxusun: Briliyyant Dadaşova, Ağadadaş Ağayev, Rühəngiz Allahverdiyeva, İlqar Muradov. Daha sonra zərurət yarandı ki, bu dördlük həmişə birlikdə olmur. Ona görə müğənnilər özləri ayrı-ayrı ifa etmək qərarına gəldilər. Mahnı tək Azərbaycanın daxilində yox, onun sərhəddindən kənarda da məşhurluq qazandı. Türkiyədə, Orta Asiyada ifa olundu. Bir sözlə bütün dünyaya yayıldı”.

Şairin sözlərinə görə, Heydər Əliyevlə bağlı mahnını məşhur rus müğənnisi İosif Kabzon da ifa etmək istəyib.

B.Vəziroğlu deyir ki, bəzi müğənnilər mahnının oxunması üçün icazə belə almırlar: “Heç lazım da deyil. Çünki biz bu mahnını yazmışıq, artıq xalqın mahnısına çevrilib. Heç gözləmirik ki, bizdən icazə alsınlar. Heydər Əliyev millətin və millətlərin sərvətidir. Bizə elə gəlir ki, əsas ifaçıların onun haqqında yazılan mahnıları oxuyarkən ona xələl gətirməməsidir. İfa tərzləri müxtəlif ola bilər. Lakin hələki mahnıya xələl gətirən olmayıb”.

Heydər Əliyev haqqında yazılan digər mahnılardan söz açan B.Vəziroğlu bildirib ki, ulu öndərlə bağlı bir çox bəstələrin sözləri ona aiddir: “Heydər Əliyev haqqında tək “Xalq Heydər söyləyəcək” mahnısını yazmamışam. Çox əsərlər yazmışam. Hətta Eldar Mansurovla birlikdə 4 hissədən ibarət “Bahar oğlu” kontatasını yazmışam. Yəni əsərlər çox yazıldıqca, sanki bu mahnı daha qabarıq görünür, daha çox rəğbət qazanır. Bəlkə də bu, ondan irəli gəlir ki, mahnı artıq ürəklərdə yer tapıb və başqa əsərlərə yer azlıq edir.

Tarixdə həmişə ilklər yadda qalır. Bəlkə də kosmosa minlərlə adam uçub. Amma Ayın səthinə ilk dəfə Yuri Qaqarin uçduğundan onun adı yaddaşlara həkk olub. İlklər həmişə məsuliyyətli olur. Bu mahnı da o qəbildəndir. Bəlkə də, 100 illər ötəcək, bu mahnı təzə və əbədi qalacaq. Özüm Heydər Əliyev haqqında bir sıra əsərlər yazmışam, amma heç biri bu mahnının yerini vermir.

Biz nə Heydər Əliyevi boş və mənasız sözlərlə məth etmişik, nə də yalançı təriflər söyləmişik. Biz Heydər Əliyevin səmimi, gördüyümüz, xalqın hörmət etdiyi, sevdiyi sərkərdə, rəhbər kimi obrazını yaratmışıq. Ona görə də uğurlu alınıb. Təbii ki, istər nazir olsun, istərsə də sadə vətəndaş, onlar bizim üçün dinləyicidirlər”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva haqqında da mahnı yazmaq istədiyini deyən B. Vəziroğlu hesab edir ki, sadəcə mahnı xatirinə mahnı yazmaq düz deyil:

“Elə bir zaman yetişəcək ki, “Xalq Heydər deyəcək” kimi uğur qazanan mahnı yazılacaq və bəstələnəcək. Təbii ki, bunu zaman göstərəcək. Manhıların yaranmağını öncədən proqnozlaşdırmaq çətindir. Çünki bu plan deyil, gündəlik təsərrüfat işləri deyil ki, planlaşdırasan. Yaradıcılıqda planla iş görmək çətindir. Mahnılar yaranır, yaranacaq. Yəqin ki, günlərin birində bunu kimi hörmətli, səviyyəli, ürəklərə yol tapan bir mahnı da cənab İlham Əliyev haqqında yazılacaq. Ailəsi, gördüyü böyük işlər barədə mahnı ərsəyə gələcək. Bir sözlə, bu, tam yaradıcılıq məsələsidir”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti