Şövkət Məmmədova - 118 yaş

Şövkət Məmmədova - 118 yaş
  18 Aprel 2015    Oxunub:4398
Bu gün Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədovanın anadan olmasının 118-ci ildönümü tamam olur. Onun adı musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılıb.
AzVision.az xəbər verir ki, opera səhnəmizdə bir-birindən gözəl rollar yaradan, bənzərsiz səsi ilə milyonların qəlbini fəth edən bu sənətçinin bioqrafiyası parlaq hadisələrlə zəngindir.

O, 1897 il aprelin 18-də Gürcüstanın Tbilisi şəhərində, kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə həvəsini hiss edib, onu Bakıya gətirir. Tanınmış milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1911-cİ ildə Milanda musiqi məktəbinə göndərilib. Burada məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova sonra Kiyev Konservatoriyasında təhsil ala-ala R.Qlierlə birgə konsertlər verib.

Vətənə qayıdarkən dahi bəstəkar Üzeyir Hacibəylinin köməyi ilə böyük sənət uğurlarına imza atır. Mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O eyni zamanda bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da onun təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəylinin, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb.

Ümumxalq məhəbbəti qazanan Ş.Məmmədova 1981-ci il iyunun 8-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Adına Bakıda opera studiyası və küçə var.

AzVision.az


Teqlər:





Xəbər lenti