Papanın keçmişindəki `erməni izi` - ARAŞDIRMA

Papanın keçmişindəki `erməni izi` - ARAŞDIRMA
  16 Aprel 2015    Oxunub:25081
Roma Papası Fransiskin Osmanlı tərəfindən ermənilərə qarşı `soyqırım`ın həyata keçirildiyini bildirməsi və bu hadisəni `bəşəriyyətin XX əsrdə qarşılaşdığı ən böyük faciələrdn biri` adlandırması qondarma erməni `soyqırımı`nın 100 illiyi ərəfəsində dünya erməniləri üçün əvəzedilməz hədiyyə oldu.

24 apreldə Çanaqqala savaşının ildönümünü “erməni soyqırımının” 100 illiyi ilə eyni gündə qeyd etməklə dünya erməni icması ilə nüfuz savaşına girmiş Ərdoğan hakimiyyəti üçün Papanın bəyanatı böyük zərbə idi və ermənilərin bu yarışda bir addım irəliləməsinə səbəb oldu. Təbii ki, Ankara Vatikana rəsmi etiraz notası göndərdi və səfirini geri çağırdı. Lakin Papa Fransisk mövqeyindən geri çəkilmədi və bildirdi ki, “mən gerçəkləri gizlədə bilmərəm”.

Dünya katoliklərinin mənəvi lideri Papa Fransiskin belə bir ərəfədə Türkiyənin ciddi narazılıqları ilə qarşılaşacağını bilə-bilə mübahisə doğuran məsələdə ermənilərin mövqeyni dəstəkləməsi nə ilə əlaqədardır? Doğurdanmı, dünya erməni diasporunun təsir gücünün nəticəsidir, yoxsa Vatikan başqa gizli məqsədlər güdür?

Papa Fransiskin ermənipərəst olması heç kimə sir deyil. 2013-cü ildə, Vatikan papası seçilməmiş və Fransisk adını qəbul etməmişdən əvvəl Buenos Ayresin yepiskopu olan kardinal Berqolyonun Argentinanın erməni icması ilə yaxın münasibətləri var idi. Kardinal Berqolyonun hələ 2010-cu ildə ispan dilində yenidən nəşr olunmuş “Göydə və yerdə” adlı kitabında qeyd olunur ki, “Böyük dövlətlər ermənilərin soyqırımı zamanı danışdıqlarından çox bildikləri halda “əllərini yudular”. Kitabın “Din haqqında” adlanan bölməsində isə XX əsrdə türklərin özlərini allah saydıqları üçün şəhər və kəndləri yerlə yeksan etdikləri kimi fikirlər yer alır. Berqolyonun dediyinə görə, türklər ermənilərə qarşı, almanlar yəhudilrə qarşı, Stalin kommunistləri isə ukraynalılara qarşı belə əməllər törədiblər.

Berqolyo papa seçildikdən sonra erməni diasporunun bir çox nümayəndləri kardinalın ermənilərin dostu olduğunu bildirir və onun bundan sonra da erməniləri unutmayacağına ümid bəsləyirdilər.

Lakin Vatikanın anti-türk mövqeyni sırf papa Fransiskin şəxsi dünyagörüşü ilə də əlaqələndirmək doğru olmaz. Osmanlı Konstantinopolu katoliklərdən almaqla xristianlığın şərqə yayılmasının qarşısını kəsdi. Buna görə, Vatikanda Türkiyəyə qarşı formalaşmış tarixi düşmənçilik mövqeyi qalmaqdadır və erməni faktoru türklərə qarşı təsir vasitəsi kimi istifadə olunur.

Vatikan üçün təhlükəli məqam Ərdoğanın irəli sürdüyü Osmanlı ideyasıdır. Türkiyənin sünni ərəblərlə birləşməsi, üstəgəl post-sovet türkdilli respublikalarla yaxınlaşması yeni dini koalisiyanı formalaşdır ki, bu koalisiyada əlaqələndirici rol Ankaranın üzərinə düşür. Başqa sözlə Osmanlının müasir formatı yaranır. Odur ki, Osmanlının bəşəri cinayətlərdə ittiham olunması dünya ictimai rəyində anti-Osmanlı rəyi formalaşdırmağa hesablanıb.

Bu mənada Fransisk, papa II İohan Pavelin siyasətini davam etdirir. 1978-2005-ci illərdə Roma papası olmuş II İohan Pavel hələ 2001-ci ildə Ermənistana səfər edərkən Erməni Apostol kilsəsinin katalikosu II Qareginlə birlikdə “1915-ci il erməni soyqırımının XX əsrin soyqırımı” kimi tanınması barədə bəyannaməyə imza atmışdı.

Maraqlıdır ki, 2005-ci ildə II İohan Pavelin vəfatından sonra kardinal Berqolyo papa seçilmək üçün əsas namizəd kimi göstərilirdi. Çünki papanın dəfn mərasimi ilə yanaşı aralıq dövrdə də Berqolyo Vatikana rəhbətlik etdi. Lakin Berqolyo nədənsə seçilmədi və XVI Benedikt adını qəbul edən Yozef Ratsinqer yeni papa oldu. Həmin seçkidə iştirak etmiş kardinallardan birinin sonradan anonim dərc olunmuş gündəliyində qeyd olunur ki, seçkinin ilk üç turunda Berqolyonun lehinə qırx səs toplansa da, son mərhəldə o, 24 səs Ratsingerdən az toplayaraq seçilə bilməmişdi. Güman ki, Berqolyonun vaxtı hələ gəlməmişdi və II İohan Pavelin davamçısının fəaliyyəti üçün lazımi tarixi-geosiyasi vəziyyət formalaşmamışdı.

2005-2013-cü illərdə Roma papası olan XVI Benedikt Türkiyəyə qarşı barışdırıcı mövqedən çıxış etdi və yeni hakimiyyətə yiyələnmiş islamçı AKP ilə qarşılıqlı xoş münasibətləri qorudu. XVI Benedikt heç bir bəyanatında soyqırım ifadəsindən istifadə etmədi.

Həmin dövrlərdə AKP düşərgəsində parçalanma baş verməmişdi və Gülən-Ərdoğan qarşıdurması yaranmamışdı. Məlumdur ki, Fətullah Gülən 1998-ci ildə Papa II İohan Pavellə görüşmüş və bu görüş Türkiyə ilə Vatikan arasında münasibətlərin normallaşmasında böyük rol oynamışdı. Təbii ki, AKP hökumətinin Gülənə bağlılığı XVI Benediktin mövqeyinə təsirsiz ötüşməyib.

Bununla belə, hesab etmək olar ki, papanın kimliyindən və şəxsi mülahizələrindən asılı olmayaraq, Vatikanın strateji məqsədləri mövcuddur və bu strateji məqsədlər hər bir halda icra olunacaqdır. Söhbət katolikliyin şərqə yayılmasından gedir. Əgər əvvəl Vatikan şərqə irəliləmək üçün yeganə qapı kimi İstanbulu görürdüsə, SSRİ-nin dağılması ilə növbəti istiqamət post sovet məkanı oldu.

Bu strategiya hələ II İohan Pavelin dövründə seçilib və təsadüfi deyil ki, Pavel Rusiya istisna olmaqla demək olar ki bütün post-sovet respublikalarına səfər eedib. Papanın Rusiyaya səfər etməsinə 2001-ci ildə Moskva və Rusiya patriarxı II Aleksiy etiraz etmiş və bildirmişdi ki, “Nə qədər ki, katoliklər prozelitizmdən (provoslavların katolikliyə keçirmə cəhdləri) imtina etməyiblər, onların rəhbərinin Rusiyaya səfər etməsi mümkün deyil”. II Aleksiy hələ o dövrdən təhlükəni görürdü və katolikliyin yayılmasının qarşısını almağa çalışırdı. Buna baxmayaraq Ukraynanın kotolikləşdirilməsi prosesi artıq gedir və papa Fransiskin eyni zamanda sovet rejiminin ukraynalılara qarşı soyqırım törətdiyini bildirməsi bu prosesin tərkib hissəsidir.

Ermənilər tarix boyu böyük qüvvələr tərəfindən öz məqsədləri üçün istifadə olunub və yənə də Vatikan erməni faktorundan istifadə etmək istəyir. Ermənistanı Rusiyanın təsirindən çıxarmaq və bununla da, ümumilikdə Qafqazı Moskvanın əlindən almaq məqsədi güdülür. Ermənistan Rusiyanın Qafqazda qalmış sonuncu forpostudur.

Vatikanın “soyqırım”ı tanımasından sonra ermənilər istəyəcəklər ki, böyük qardaşları Rusiya da bu istiqamətdə addım atsın. Doğrudur Rusiya 1995-ci ildə erməni soyqırımını tanıyıb ancaq bu Putin Rusiyası olmayıb. Putin hazırda çətin seçim qarşısındadır: onu 24 apreldə həm Türkiyədə, həm də Ermənistanda gözləyirlər. Güman ki, Putin Türkiyə və ümumi İslam dünyası ilə münasibəti pozmamaq üçün Ankaranın xeyrinə addım atacaq və bundan sonra Vatikandan aldığı dəstəyi Rusiyadan ala bilməyən ermənilərdə anti-rus ictimai rəyi daha da güclənəcək.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti