Cahangir Hacıyevin şirkəti bağlandı- ÖZƏL

Cahangir Hacıyevin şirkəti bağlandı- ÖZƏL
  31 Mart 2015    Oxunub:20871
Azərbaycanda hərbi ayaqqabıların istehsalçısı olan BOT MMC fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə AzVision.az-a şirkətin baş mühəndisi Mahmud Babayev məlumat verib. O, bildirib ki, şirkətin fəaliyyətini dayandırması sifarişin olmaması ilə bağlıdır.

“Dövlət Sərhəd Qoşunlarının keçirdiyi tenderin qalibi olduq və onlar üçün ayaqqabılar hazırladıq. Bundan sonra sifariş verən olmayıb. İndi tender gözləyirik. Əgər olarsa iştirak edəcəyik. Qalib olsaq yenidən fəaliyyət göstərəcəyik. Bu gün isə faəliyyətimizi dayandırmışıq”.

Şirkət rəsmisi daha sonra qeyd edib ki, Müdafiə Nazirliyi tender keçirmir: “Müdafiə Nazirliyi tender keçirsəydi iştirak edərdik. 15 il bizim fabrik Müdafiə Nazirliyi üçün ayaqqabı tikib”.

Onun sözlərinə görə, şirkətin 300-ə yaxın əməkdaşı işsiz qalıb.

Qeyd edək ki, mətbuatda çıxan yazılarda BOT MMC-nın rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olduğu bildirilir. BOT MMC 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılıb. BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti